İsrailin qondarma "erməni soyqırım" qərarı: Azərbaycan-İsrail münasibətləri dəyişə bilər? - ŞƏRH


İsrailin 1915-ci il hadisələrini qondarma"erməni soyqırımı" kimi tanıya biləcəyi ilə bağlı iddialar regionda yeni siyasi müzakirələrə səbəb olub.

Türkiyə və Azərbaycan bu ehtimala etiraz edərək belə bir addımın ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirirlər. Xüsusilə son illərdə müdafiə, enerji və təhlükəsizlik sahələrində strateji tərəfdaşlığa çevrilən Azərbaycan–İsrail münasibətləri fonunda bu qərarın hansı nəticələr doğura biləcəyi maraq doğurur.

Bəs mümkün tanınma Bakı ilə Təl-Əviv arasında əməkdaşlığa təsir edəcək, yoxsa tərəflər strateji maraqları siyasi fikir ayrılıqlarından üstün tutacaqlar? Turkustan.az mövzu ilə bağlı sualları politoloq Tural İsmayılova ünvanladı.

Azərbaycan ordusu öz gücünü bütün dünyaya sübut etdi - Tural İsmayılov  (ÖZƏL) - TurkicWorld

Tural İsmayılov

İsrailin 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıya biləcəyinə dair siqnallar ilk növbədə tarixi deyil, geosiyasi və diplomatik kontekstdə qiymətləndirilməlidir. Dövlətlər bu cür həssas məsələlərdə qərar qəbul edərkən əksər hallarda tarixi faktlardan daha çox mövcud regional və beynəlxalq maraqları nəzərə alırlar. Son dövrlərdə İsrail-Türkiyə münasibətlərində müşahidə olunan gərginlik, eləcə də Yaxın Şərqdə dəyişən siyasi balans belə addımların gündəmə gəlməsini şərtləndirən əsas amillərdən biri kimi görünür.

Bu məsələ eyni zamanda Ankaraya siyasi mesaj xarakteri daşıya bilər. İsrail uzun illər Türkiyə ilə münasibətlərə görə bu mövzuda ehtiyatlı mövqe nümayiş etdirmişdi. Lakin ikitərəfli münasibətlərdə yaranan böhran fonunda həmin mövzunun yenidən gündəmə gətirilməsi siyasi təzyiq aləti kimi də qiymətləndirilə bilər.

Azərbaycan baxımından isə məsələ daha həssasdır. Bakı 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasını qəbul etmir və bu mövqeyini beynəlxalq platformalarda dəfələrlə ifadə edib. Eyni zamanda Azərbaycan ilə İsrail arasında enerji, təhlükəsizlik, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində strateji əməkdaşlıq mövcuddur. Buna görə də İsrail belə bir qərar qəbul edərsə, bu, şübhəsiz ki, ikitərəfli münasibətlərdə müəyyən siyasi narahatlıq yaradacaq və qarşılıqlı etimada mənfi təsir göstərə bilər.

Bununla belə, hesab edirəm ki, tərəflər uzun illər ərzində formalaşdırdıqları strateji tərəfdaşlığı bir məsələyə qurban verməməyə çalışacaqlar. Çünki Azərbaycan-İsrail münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, qarşılıqlı milli maraqlara söykənən geniş əməkdaşlıq platformasına əsaslanır. Lakin belə bir qərarın qəbul edilməsi münasibətlərdə müəyyən soyuqluq yaradacaq, diplomatik dialoqu çətinləşdirəcək və ictimai rəydə də mənfi rezonans doğuracaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ