"Təhlükəsiz Və İnklüziv Şəhərlər" mövzusunda seminar keçirilib


"Təhlükəsiz Və İnklüziv Şəhərlər" mövzusunda seminar keçirilib

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində təşkil olunmuş beynəlxalq konfransın davamı olaraq, 10 İyun 2026-cı il tarixində Sumqayıt şəhərində maarifləndirici seminar təşkil edilib. Seminar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Tədris Mərkəzində keçirilmiş və tələbələr, gənclər, eləcə də təhsil müəssisəsinin nümayəndələri iştirak etmişlər.

QHT.az xəbər verir ki, bu tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Qazaxıstan “Almatı Şəhər Vətəndaş Alyansı” tərəfdaş təşkilatının birgə layihəsinin mühüm mərhələsi olaraq təşkil edilmişdir.

Tədbirin məqsədi gənclərin təhlükəsiz, inklüziv və dayanıqlı şəhər inkişafı məsələləri barədə məlumatlandırılması, onların şəhər mühitinin formalaşmasında rolunun artırılması və urbanizasiya proseslərinin sosial aspektlərinə diqqətin yönəldilməsi olmuşdur.

Seminarda beynəlxalq ekspertlər Emin Əliyev, Liya Bayramova və Kənan Bağırov çıxış edərək WUF13 çərçivəsində müzakirə olunan əsas mövzuları iştirakçılarla bölüşmüşlər. Təqdimatlar zamanı müasir şəhərlərdə təhlükəsizlik, rəqəmsal texnologiyaların və süni intellektin şəhər idarəçiliyində rolu, inklüziv ictimai məkanların yaradılması, qadınların, uşaqların və digər həssas qrupların ehtiyaclarının şəhərsalma proseslərində nəzərə alınmasının vacibliyi vurğulanmışdır.

Liya Bayramova çıxışında insan yönümlü şəhər planlaşdırılmasının əhəmiyyətindən danışaraq, təhlükəsiz və əlçatan ictimai məkanların cəmiyyətin rifahına təsirini diqqətə çatdırmışdır. Emin Əliyev isə şəhərlərin təhlükəsizliyinin artırılmasında süni intellekt, ağıllı şəhər texnologiyaları və rəqəmsal həllərin tətbiqi ilə bağlı beynəlxalq təcrübələri təqdim etmişdir. Kənan Bağırov öz çıxışında gənclərin şəhər inkişafı proseslərində iştirakçılığının vacibliyini qeyd etmiş və dayanıqlı inkişaf prinsiplərinin gələcək şəhərlərin formalaşmasında əsas rol oynadığını vurğulamışdır.

Seminar çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılmış, onların şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı fikir və təklifləri dinlənilmişdir. Tədbir gənclərin urbanizasiya, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularına marağının artırılması, həmçinin WUF13 çərçivəsində əldə edilmiş bilik və təcrübələrin yerli səviyyədə paylaşılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Tədbirin sonunda iştirakçılar təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulmasında hər bir vətəndaşın, xüsusilə gənclərin fəal rol oynaya biləcəyini qeyd etmiş, bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Fotolar


MANŞET XƏBƏRLƏRİ