Təlim çərçivəsində iştirakçılara informasiya təhlükəsizliyi sahəsində məsuliyyətli davranış qaydaları, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsizlik risklərinin idarə olunması ilə bağlı praktiki biliklər təqdim olunub. Gənc jurnalistlərə kibertəhlükələrdən qorunma üsulları, sosial şəbəkələrdə təhlükəsiz fəaliyyət prinsipləri, həmçinin məlumat paylaşarkən etik və hüquqi məsuliyyət məsələləri izah edilib.
Tədbirin əsas məqsədi iştirakçıların rəqəmsal təhlükəsizlik sahəsində biliklərini artırmaq və onların informasiya ilə işləyərkən daha məsuliyyətli yanaşma bacarıqlarını inkişaf etdirmək olub. Təlim zamanı layihənin məqsədi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib.
Layihə rəhbəri Bəsti Nəsibova bildirib ki, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyinin həyata keçirdiyi təşəbbüs Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Onun sözlərinə görə, layihə çərçivəsində gənclərin informasiya təhlükəsizliyi, media savadlılığı və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova rəqəmsal dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyətindən danışaraq bildirib:
“Bu gün informasiya texnologiyalarının sürətli inkişafı insanları yeni imkanlarla yanaşı, müxtəlif təhlükələrlə də qarşı-qarşıya qoyur. Xüsusilə media nümayəndələri və gənclər rəqəmsal platformalarda fəaliyyət göstərərkən məlumat təhlükəsizliyinə daha həssas yanaşmalıdırlar. Şəxsi məlumatların qorunması, etibarsız linklərdən uzaq durmaq və informasiya paylaşımında məsuliyyətli davranmaq həm fərdi təhlükəsizlik, həm də cəmiyyətin informasiya mühitinin sağlam qalması baxımından mühüm əhəmiyyət daşıyır”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nurşərəf Tağıyeva müasir informasiya məkanında dezinformasiya və misinformasiya xarakterli xəbərlərin cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb. O bildirib ki, sosial şəbəkələrdə və rəqəmsal platformalarda yayılan yoxlanılmayan məlumatlar qısa müddətdə geniş auditoriyaya çataraq ictimai rəyə ciddi təsir göstərir:
“Bu gün informasiya sürəti dəqiqlik prinsipini geridə qoymamalıdır. Xüsusilə dezinformasiya xarakterli xəbərlər insanların yanlış istiqamətləndirilməsinə, cəmiyyətdə çaşqınlıq və etimadsızlıq mühitinin formalaşmasına səbəb olur. Media nümayəndələrinin əsas vəzifəsi məlumatı paylaşmazdan əvvəl onun mənbəyini araşdırmaq, müxtəlif mənbələr üzrə müqayisə aparmaq və informasiyanın doğruluğunu təsdiqləməkdir. Misinformasiya bəzən qəsdən deyil, məlumatsızlıq səbəbindən yayılsa da, nəticə etibarilə eyni təhlükəli təsirlərə yol açır. Buna görə də jurnalistlər və sosial media istifadəçiləri informasiya paylaşımında daha məsuliyyətli və diqqətli davranmalıdırlar”.

Təlim zamanı iştirakçılara güclü şifrə seçimi, kiberdələduzluq hallarının aşkarlanması, məlumat sızmalarının qarşısının alınması və rəqəmsal platformalarda təhlükəsiz ünsiyyət qaydaları barədə də məlumat verilib. Praktiki hissədə iştirakçılar müxtəlif situasiyalar üzərində işləyərək informasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi və düzgün davranış formalarının tətbiqi ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və rəqəmsal mühitdə məsuliyyətli davranışın cəmiyyətin ümumi informasiya təhlükəsizliyinə təsiri diqqətə çatdırılıb.