Kişilərə olar, qadınlara yox – Azərbaycanda mübahisəli qanun


Naxçıvanda 75 yaşlı qadının amansız şəkildə qətlə yetirilməsi ilə bağlı verilən hökm hələ də müzakirə edilir. Belə ki, məhkəmənin Firuzə İsmayılovaya 15 il, Aypara Əsgərovaya isə 14 il 6 ay həbs cəzası verməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi törədilən cinayətin ağırlığını əsas gətirərək təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verilməsini tələb edib.

Azərbaycanda qadınlara ömürlük həbs cəzası verilirmi?

Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, qanunvericiliyə görə, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası verilmir:

“Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmayan şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir. Bu o demək deyil ki, qadın ağır cinayət törədərsə, cəzasız qalır. Sadəcə ömürlük həbs əvəzinə çox uzunmüddətli, məsələn, 15, 20 və ya 25 il həbs cəzası tətbiq olunur. Ağırlaşdırıcı hallardan asılı olaraq məhkəmə maksimum müddətli cəza təyin edə bilər”.

elovset 900x576 1

Əlövsət Allahverdiyev

Hüquqşünas bildirib ki, bu yanaşmanın əsaslandırılması daha çox “humanizm prinsipi” ilə izah olunur:

“Sovet hüquq sistemindən gələn ənənədə qadınlar, yetkinlik yaşına çatmayanlar və yaşlı şəxslər üçün müəyyən yumşaldıcı yanaşmalar saxlanılıb. Qadınlara ömürlük həbs cəzasının tətbiq olunmamasının ağır cinayətlərin artımına təsiri hüquqi və kriminoloji baxımdan müzakirə olunan məsələlərdən biridir. Praktikada ağır cinayət törədən insanların böyük hissəsi cinayət anında cəzanın neçə il olacağını rasional şəkildə hesablamır. Araşdırmalarda da təkcə cəzanın sərtləşdirilməsinin cinayətləri avtomatik azaltmadığı göstərilir. Əsas amillər cinayətin açılması ehtimalı, sosial mühit, psixoloji vəziyyət və hüquq-mühafizə sisteminin effektivliyidir”.

Qeyd edək ki, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa və İran kimi bir çox ölkədə qadınlara da ömürlük həbs cəzası verilir, Azərbaycanda isə bu cəza qadınlara şamil olunmur və mübahisəli məsələ olaraq qalır.


MANŞET XƏBƏRLƏRİ