Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının tələbələri üçün təşkil olunan “Yay məktəbi - Bakı” proqramı Türkiyədən gələn tələbələrə Azərbaycanın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini yaxından tanıtmaq baxımından mühüm layihələrdən biri oldu.
8-11 may tarixlərində keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan proqram çərçivəsində iştirakçılar Bakının tarixi və mədəni məkanlarını ziyarət edir, görkəmli ziyalılarla görüşür, Azərbaycan dövlətçiliyi, ədəbiyyatı və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurdular. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan dilini öyrənən tələbələr üçün bu səfər həm nəzəri biliklərin praktik təcrübə ilə möhkəmləndirilməsi, həm də Azərbaycanı daha yaxından tanımaq baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan Türkcəsi Tədris Ocağının müəllimi Dr. Şəhla İbişova səfər boyunca tələbələri müşayiət edərək onlara Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçilik ənənələri barədə ətraflı məlumat verir, keçirilən görüş və ekskursiyalar haqqında geniş izahlar təqdim edirdi.
Dörd gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif görüşlərdə, maarifləndirici tədbirlərdə və ekskursiyalarda iştirak edərək Azərbaycanla bağlı bilik və təəssüratlarını daha da zənginləşdirdilər.
Səfərin ilk dayanacağı - Fəxri Xiyaban
Səfərin ilk günü iştirakçılar Fəxri Xiyabana üz tutdular. Burada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı ziyarət edildi. Sükut içində addımlayan tələbələrin baxışlarında həm maraq, həm də ehtiram hiss olunurdu.
Gənclər burada anlayırdılar ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər yalnız siyasi və diplomatik əlaqələrdən ibarət deyil. Bu münasibətlərin kökündə ortaq tarix, ortaq mədəniyyət, ortaq dil və əsrlər boyu formalaşmış qardaşlıq dayanır.
Azərbaycan Yazıçılar Birliyində sözün işığı
“Yay məktəbi – Bakı” proqramının ən yaddaqalan görüşlərindən biri Azərbaycan Yazıçılar Birliyində keçirildi. O gün həmin məkanda yalnız bir görüş baş tutmurdu - Azərbaycan ədəbiyyatının nəfəsi duyulurdu.
Azərbaycanın tanınmış yazıçı və şairləri - Xalq yazıcısı Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Kamal Abdulla, Xalq şairi Vahid Əziz, yazıcı, professor Hüseynbala Mirələmov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid iştirakçılarla görüşərək Azərbaycan dilinin zənginliyi, milli ədəbiyyatın keçdiyi yol və yaradıcılığın məsuliyyəti barədə danışdılar.
Söhbətlərdə tez-tez bir fikir vurğulanırdı: millətin ruhu onun dilində yaşayır.
Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və gənclərin bu istiqamətdə rolu haqqında deyilən fikirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tələbələr yazıçılara suallar ünvanlayır, onların həyat və yaradıcılıq təcrübələri ilə yaxından maraqlanırdılar.
Görüşün sonunda müəlliflərin öz kitablarını imzalayaraq tələbələrə hədiyyə etməsi həmin günün ən duyğulu anlarından biri oldu. O kitablar artıq sadəcə bir nəşr deyil, Bakıdan aparılan mənəvi xatirəyə çevriləcəkdi.
Türk dünyası və dövlətçilik haqqında mühazirələr
Proqram çərçivəsində Xəzər Universitetində keçirilən “Heydər Əliyev və Türkçülük” mövzusunda mühazirə iştirakçılar üçün xüsusi maraq doğurdu. Universitetin müəllimi Əsmər Kərimova Ulu Öndərin Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi siyasət, milli-mənəvi dəyərlərin qorunmasına verdiyi önəm və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Daha sonra tələbələr universitetin kitabxanası və beynəlxalq əlaqələr sistemi ilə tanış oldular. Gənclər Azərbaycanın ali təhsil mühiti, elmi potensialı və beynəlxalq əməkdaşlıq imkanları haqqında geniş məlumat əldə etdilər.
Kitabxanalar arasında keçmişdən gələcəyə uzanan yol
Prezident Kitabxanasında keçirilən görüş isə gənclərin yaddaşında xüsusi iz buraxdı. Burada iştirakçılar kitabxananın elektron resursları, arxiv sistemi və elmi fəaliyyəti ilə yaxından tanış oldular. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kitabxanaya kitabların hədiyyə olunması isə iki qardaş ölkə arasında mədəni əməkdaşlığın rəmzinə çevrildi.
M. Fətəli Axundov adına Milli Kitabxanasına səfər zamanı isə iştirakçılar Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi guşəni ziyarət etdilər. Kitabxananın zəngin fondları və qədim nəşrləri tələbələrdə böyük maraq oyatdı.
Şəhidlərin ruhu qarşısında
Bu proqramın ən kövrək və ən duyğulu anları Şəhidlər Xiyabanında yaşandı. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önündə dayanarkən tələbələr dərin bir səssizliyə qərq olmuşdular. Burada deyilən hər söz, danışılan hər hadisə Azərbaycan xalqının mübarizə ruhunu daha yaxından hiss etdirirdi.
Bakı Türk Şəhidliyinə səfər isə qardaşlığın tarix boyu necə möhkəmləndiyini göstərən ən təsirli məqamlardan biri oldu. Türk və Azərbaycan şəhidlərinin xatirəsi önündə ehtiramla dayanan gənclər ortaq taleyin və ortaq mübarizənin mənasını daha dərindən anlayırdılar.
Zəfərin izi ilə
İştirakçılar Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunmuş Zəfər Muzeyi və Qənimətlər Parkını da ziyarət etdilər. Burada tələbələrə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqın həmrəyliyi və işğaldan azad olunan torpaqlar haqqında ətraflı məlumat verildi.
Muzeydə nümayiş olunan eksponatlar, hərbi texnikalar və sənədlər gənclərdə böyük təəssürat yaratdı. Bu ziyarət onlara Azərbaycanın yaxın tarixini yalnız kitablardan deyil, canlı faktlarla öyrənmək imkanı verdi.
“Bir millət, iki dövlət” fəlsəfəsi
İştirakçılar “Modern İnkişaf və Ailə” İctimai Birliyində oldular. Görüş zamanı birliyin sədri Zərifə Quliyeva tələbələr üçün seminar keçirərək Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycan–Türkiyə qardaşlığı və “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bağlı fikirlərini bölüşdü. O, qeyd etdi ki, Ulu Öndərin ideyalarının gənc nəslə aşılanması, Azərbaycan dili və mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması baxımından belə layihələr xüsusi əhəmiyyət daşıyır.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənclərin rolu, ortaq mədəni dəyərlər və Azərbaycan dilinə artan maraq ətrafında fikir mübadiləsi aparıldı. Proqramın məqsədi və həyata keçirilən layihələr barədə məlumat verildi. Görüş interaktiv müzakirələrlə davam etdi və tələbələrin sualları cavablandırıldı.
Bakının qədim ruhu və müasir siması
“Yay məktəbi - Bakı” proqramı iştirakçılara yalnız rəsmi görüşlər deyil, həm də Bakının ruhunu hiss etmək imkanı yaratdı.
İçərişəhərin qədim küçələrində gəzən tələbələr sanki əsrlər əvvələ qayıdırdılar. Qız qalasının sirli sükutu, Şirvanşahlar Sarayının qədim daşları və İçərişəhərin dar küçələri Azərbaycan tarixinin canlı şahidi kimi qarşılarında dayanırdı.
Ədəbiyyat Muzeyində klassik və müasir ədəbiyyat nümunələri ilə tanış olan tələbələr Azərbaycan söz sənətinin keçdiyi zəngin inkişaf yolunu daha yaxından öyrəndilər.
Xalça Muzeyində isə qədim xalça nümunələri, ornamentlər və tətbiqi sənət əsərləri gənclərdə böyük heyranlıq yaratdı. Burada hər xalça yalnız sənət nümunəsi deyil, xalqın tarixini və yaddaşını danışan bir əsər kimi görünürdü.
Bakıdan aparılan ən böyük xatirə
Bir neçə gün davam edən proqram başa çatanda tələbələr artıq başqa hisslərlə Bakıya baxırdılar. Bu şəhər onlar üçün yalnız bir paytaxt deyildi. Bakı artıq onların yaddaşında qardaşlığın, ortaq dilin, ortaq mədəniyyətin simvoluna çevrilmişdi.
Onlar Bakıdan ayrılarkən özləri ilə təkcə yalnız şəkillər və hədiyyələr aparmırdılar. Onlar bu şəhərin ruhunu, Azərbaycan insanının səmimiyyətini, küçələrində dolaşan tarix hissini və iki qardaş xalq arasındakı sarsılmaz bağlılığı da ürəklərində aparırdılar.
“Yay məktəbi - Bakı” proqramı bir daha göstərdi ki, dil insanları yalnız danışdırmır - onları bir-birinə bağlayır. Mədəniyyət yalnız keçmişi xatırlatmır - gələcəyi də birlikdə qurmağa kömək edir.
Fatimə Məmmədli







