Azərbaycanda avtomobillərdə etibarnamə tələbi aradan qaldırılır


Avtomobillərin etibarnamə ilə idarə olunması məsələsi son illər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, avtomobillərin etibarnamə ilə idarə olunması bir çox ölkələrdə artıq tarixə qovuşub:

“Amma ölkəmizdə bu məsələ hələ də aktuallığını qoruyur. Əslində isə bu, avtomobil istifadəçiləri üçün əlavə vaxt itkisi və lazımsız bürokratik yük yaradır. Müasir dövrdə etibarnaməyə praktiki baxımdan ciddi ehtiyac qalmayıb. Çünki dövlət qeydiyyatında olan bütün avtomobillər və onların sahibləri barədə məlumatlar artıq elektron bazada mövcuddur”.

Deputat qeyd edib ki, hazırda nəzarət mexanizmləri tam rəqəmsallaşıb və bu, etibarnamə tələbini böyük ölçüdə aradan qaldırır:

“Hətta yol polisi əməkdaşları avtomobili saxladıqda ilk növbədə planşet vasitəsilə sürücü və nəqliyyat vasitəsi haqqında məlumatları sistem üzərindən yoxlayırlar. Daha sonra təqdim olunan sənədlərlə bazadakı məlumatlar müqayisə edilir. Bu isə göstərir ki, nəzarət mexanizmi artıq tam şəkildə rəqəmsallaşıb və əlavə etibarnamə sənədinə ehtiyac xeyli azalıb”.

Azər Badamovun sözlərinə görə, dünya təcrübəsində də avtomobilin idarə olunması üçün etibarnamə tələbi demək olar ki, aradan qalxıb:

“Avtomobil hüquqi baxımdan bir əmlak növüdür və sürücülük vəsiqəsi olan istənilən şəxs onu sahibinin razılığı ilə idarə edə bilməlidir. Əgər avtomobil oğurlanıbsa və ya qanunsuz istifadə edilirsə, bu halda nəqliyyat vasitəsi dərhal axtarışa verilə və müşahidə kameraları vasitəsilə izlənilə bilər”.

Deputat ailədaxili münasibətlərdə də mövcud tələbin müəyyən suallar doğurduğunu vurğulayıb:

“Bundan əlavə, ailə üzvlərinin belə bir-birinin avtomobilini etibarnamə olmadan idarə edə bilməməsi məntiqi görünmür. Sanki notariusda təsdiqlənən bir sənəd ailədaxili etibardan daha üstün tutulur. Halbuki ailə daxilində avtomobilin qarşılıqlı razılıq əsasında istifadəsi tam təbii haldır”.

O hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var:

“Bu baxımdan hesab edirəm ki, avtomobillərin idarə olunması üçün etibarnamə tələbinin ləğv edilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişikliklər edilməsinə ehtiyac var. Bu addım həm vətəndaşların işini asanlaşdırar, həm də artıq rəqəmsallaşmış dövlət xidmətlərinin mahiyyətinə uyğun olar”.


MANŞET XƏBƏRLƏRİ