Son illərdə Azərbaycanda bir çox xidmətlərin rəqəmsallaşdırılması və elektron hökumət sisteminin genişlənməsi vətəndaşların gündəlik işlərini xeyli asanlaşdırıb.
Artıq bir sıra sənədlərin alınması, cərimələrin ödənilməsi, arayışların əldə olunması və digər prosedurlar onlayn şəkildə həyata keçirilir.
Bu fonda avtomobilin bir şəxsin adından digərinin adına keçirilməsi prosesinin hələ də tam elektron formada mümkün olmaması müzakirə mövzusu olaraq qalır.
Vətəndaşlar hesab edir ki, müasir texnologiyalar dövründə bu xidmətin də onlayn sistemə inteqrasiyası həm vaxt itkisini, həm də əlavə prosedurları minimuma endirə bilər.
Azərbaycanda avtomobilin addan-ada keçirilməsi, yəni özgəninkiləşdirilməsi hazırda rəsmi şəkildə notarius və DYP qeydiyyat məntəqələri vasitəsilə həyata keçirilir.
2026-cı il üzrə bu proses üçün müəyyən dövlət rüsumları və xidmət haqları tətbiq olunur. İlk mərhələ notariat prosedurudur. Avtomobilin alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün dövlət rüsumu 35 manat təşkil edir.
Bundan əlavə, 5 manat 25 qəpik xidmət haqqı ödənilir. Bu prosedur “ASAN xidmət” mərkəzlərində və ya digər notariat kontorlarında həyata keçirilə bilər.
Növbəti mərhələ isə avtomobilin yeni sahibin adına rəsmiləşdirilməsi üçün DYP qeydiyyat prosesidir.
Bu zaman qeydiyyat şəhadətnaməsi, yəni texniki pasport üçün 25 manat dövlət rüsumu ödənilir.
Əgər dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yaranarsa, əlavə olaraq 22 manat da nömrə nişanı üçün ödənilməlidir.
Beləliklə, nömrə dəyişdirilmədən avtomobilin addan-ada keçirilməsi üçün minimal xərclər orta hesabla 60-70 manat civarında dəyişir. Nömrə dəyişdirildiyi halda isə ümumi məbləğ daha yüksək olur.
Proses zamanı tələb olunan əsas sənədlər isə bunlardır:
* Satıcı və alıcının şəxsiyyət vəsiqəsi
* Avtomobilin qeydiyyat şəhadətnaməsi (texniki pasport)
* Etibarnamə (əgər satış avtomobil sahibinin özü tərəfindən həyata keçirilmirsə)
Mütəxəssislər avtomobil alış-verişi zamanı baş etibarnamə üsulundan deyil, rəsmi addan-ada keçirmə prosedurundan istifadə etməyi daha təhlükəsiz hesab edirlər.
Bu həm gələcək hüquqi problemlərin qarşısını alır, həm də avtomobilin tam şəkildə yeni sahibin adına rəsmiləşdirilməsini təmin edir.
Maraqlıdır, bu gün bir çox xidmətlər onlayn olduğu dövrdə avtomobilin addan-ada keçməsi prosesi niyə onlayn formada həyata keçirilmir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, sürücülük vəsiqəsi xüsusi texniki yoxlama tələb etməyən sənəd olduğu üçün onun onlayn qaydada verilməsi mümkündür:
“Avtomobil isə fiziki nəqliyyat vasitəsi olduğundan onun bir sıra texniki göstəricilərinin yoxlanılması vacibdir. Buraya avtomobilin Ban kodu və ya VIN (“Nəqliyyat Vasitəsinin İdentifikasiya Nömrəsi” deməkdir) nömrəsi, eləcə də “kuza” (yük yeri tutacağı) nömrəsi və digər identifikasiya məlumatları daxildir.
Bu səbəbdən avtomobilin əyani şəkildə qeydiyyat məntəqəsinə təqdim olunması və fiziki baxışdan keçirilməsi tələb olunur”.
Eldəniz Cəfərov qeyd edib ki, məhz bu amillərə görə avtomobilin addan-ada keçirilməsi prosesində fiziki müraciət və texniki baxış mərhələsi hazırda zəruri hesab edilir.