"Hərbi xidmət mənim üçün iş yeri deyil, həyat tərzidir"


3 noyabr 2000-ci ildə Saatlı rayonunun Nəsimikənd kəndində doğulur...

2006 / 2018-ci illərdə Nəsimikənd orta məktəbində orta təhsil alır...

2019 / 2020-ci illərdə Həqiqi hərbi xidmətə çağırılır və xidmətini uğurla başa vuraraq Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu kimi xidmətinə davam edir...

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, Füzuli uğrunda döyüşlərdə şəxsi heyətlə birgə düşmənin artilleriya qurğularını aşkar edərək arxadakı bölmələrə xəbər verən, əks-hücum zamanı düşməni mühasirəyə alaraq düşmənin xeyli sayda canlı qüvvəsini və şəxsi heyətini məhv edən, Cəbrayılın, Füzulinin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi mərdlik və şücaət göstərən Azərbaycan Silahlı Qüvbələrinin Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu olmuş, Vətən Müharibəsi Qəhrəmanı Murad İlyas oğlu Əflətov!

Açıklama yok.

Axıska türkü olan qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Qəhrəmanımızın müharibə xatirələrindən: “Dava başlanandan qurtarana qədər biz 5-6 nəfər bölmələrimizin əsgərlərindən 500-600 metr öndə irəli getmişik. Bir dəfə Füzuliyə çathaçatda düşmən artilleriyasına rast gəldik. Toplarını “Ural” maşınlarına qoşub aradan çıxmaq istəyən ermənilərin haqqında arxadan gələn bölməmizə məlumat verdik. Onlar düşməni yaxalamaq üçün əks-istiqamətdən gəlməyi qərar verdilər. Bizim komandir isə pulemyotla ermənilərin öndəki maşınını vurdu. Düşmən “şok atışı”mızla xeyli itki verdi. Təxminən 15-20 nəfərlik divizionu tezliklə məhv elədik. Qabağa gedə bilən erməni “Ural”ının heyətini də əks-istiqamətdən gələn bölməmiz aradan götürdü. Çox çətinliklə də olsa, düşmən artilleriyasının atəşləri altında, 2-ci cəhddə Füzulini ələ keçirə bildik.

Hadrutu alanda da müəyyən itkilər verməyimizə baxmayaraq, qətiyyətimizdən dönmədik və bir günə məqsədimizə çatdıq. Yaralansaq da, bir-birimizə kömək edirdik. Arxayın idik ki, arxamız möhkəmdir. Şuşa istiqamətindən Kəlbəcərə - Zod mədənlərinə tərəf gedib reallaşdırdığımız əməliyyatı da unuda bilmirəm. Orada özbaşına silahlılar vardı ki, öz dövlətlərinin əmrinə də tabe olmurdular. Biz onların postlarını almağa getdik. 3 gün vuruşaraq, 5-6 postu ələ keçirdik. Bir neçə kəndi də tutduq...

Hərbi xidmət mənim üçün iş yeri deyil, həyat tərzidir. Biz qarış-qarış irəlilədikcə döyüşə sevinərək gedirdik. Sevinirdik ki, torpaqlarımızı azad edirik. Xalqımız bir olaraq o torpaqları azad etdi. Neçə igid oğullarımız şəhid oldu. Onların qanı ilə biz o torpaqları düşməndən aldıq. Hər aldığımız yerdə də üç rəngli bayrağımızı dalğalandırırdıq”.

Qəhrəmanımızın atası İlyas Əlfətovu dinlədikcə Ahıskadan gəlib, Azərbaycanı özünə vətən seçən bu mərd insanların etibarına heyrətlənməmək olmur: "Vətən bizim vətənimizdir! Vətəni qorumaq hamımızın borcudur. Əlbəttə ki, biz qoruyacayıq vətənimizi, başqa kim qoruyacaq?! Allaha şükr olsun, artıq üzümüz ağ, alnımız açıq, başımız dik gəzirik".

Açıklama yok.

Murad Əflətov hazırda Saatlı Gənclər Evində “Vətənpərvərlik” klubunun rəhbəridir. Gənclərin veteranlarla, qazilərlə görüşlərini təşkil edir, cavanları şəhid məzarlarının və onların ailələrinin ziyarətinə aparır, uşaqların xahişi ilə özünün və silahdaşlarının şərəfli döyüş yolundan danışır.

Muradın vətəninə, elinə, obasına bağlılığını, sevgisini gördükcə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznavurovu xatırlayıram... Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Ahıskalı balasını... Murad da öz sələfinin yolunu şərəflə davam etdirib, qəhrəmanlıq mərtəbəsinə yüksəldi...

Bu gün Muradın əşyaları Azərbaycan tarixi muzeyində qorunur, adı isə əbədi olaraq Azərbaycanın Zəfər tarixinə, xalqın qəlbinə yazıldı!

Bundan sonrakı həyatında sənə uğurlar və xoşbəxtlik arzulayıram Vətənin qəhrəman oğlu! Səninlə hər zaman fəxr edəcəyik!

Sevinc Bəhmənli

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ