“Mənə dil uzatmağa həddiniz çatmaz” - Ərdoğan


“Bundan ən kiçik şübhəm olmayıb, yoxdur. Əllərinə keçən hər fürsəti şəxsimizə və partiyamıza qarşı təhqir simfoniyasına çevirməyə çalışırlar, amma unutmasınlar ki, belə davranışlar yalnız özlərini kiçildir”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələrinin açıqlamalarını şərh edərkən deyib.

“Heç vaxt oyunlara alət olmamışıq, olmayacağıq. Xüsusilə keçdiyimiz bu həssas dövrdə, qəzəb, nifrət, qarşıdurma və dava dilinin siyasəti zəhərləməsinə göz yummayacağıq. Amma lazım gəldikdə, yerlərini göstərməyin formal addımlar atmaqdan daha üstün olduğunu da yaxşı bilirik. Bu ölkənin Prezidenti və hakim partiyasına qarşı çox kobud şəkildə dil uzatmaq, çox çirkin ifadələrlə təhqir etmək ana müxalifətin başındakı şəxs (CHP sədri Özgür Özəl – red.) də daxil, heç kimin haqqı da, həddi də deyil”, - dövlət başçısı vurğulayıb.

Prezident Ərdoğan qeyd edib ki, CHP Türkiyədə çevriliş və qiyamın kitabını yazan partiyadır:

“Türkiyənin siyasi tarixini açıb baxın, orada qiyamçılarla birgə addımlayan CHP-ni görəcəksiniz. Orada dumanlı havalarda qiyamçılara rəhbərlik edən CHP ilə qarşılaşacaqsınız. Orada universitet tələbələrinin “ət maşınından keçirildiyi” çevrilişə zəmin yaradan CHP-ni tapacaqsınız. Ölkəmizdə çevriliş ənənəsini başladan 27 May prosesinin əsas aktoru CHP-dir. 12 Mart hadisəsinin arxasında da CHP-nin silueti görünür. 12 Sentyabr qiyamçılarının ilham mənbəyi də eyni şəkildə CHP ideologiyasıdır. 28 Fevralın səbəbkarı azı dönəmin vəsatətçiləri qədər CHP düşüncəsidir.

2002-ci il noyabrın 3-dən bəri Türkiyə demokratiyasına yönəlmiş bütün təxribatlarda CHP-nin izi var. 27 Aprel bəyannaməsindən əvvəl cəmiyyəti və siyasəti gərginləşdirən CHP-dir. Gəzi hadisələrində küçə çevrilişinə cəhd edənlərin əməllərini “malalayan” CHP-dir. 17-25 Dekabr çevriliş cəhdində qiyamçılara dəstək verən CHP-dir. 15 İyul xəyanətində isə qiyamçıları təmizə çıxarmağa çalışan, “nəzarətedilən çevriliş” böhtanı atan CHP-dir. Heç kim inciməsin, amma Türkiyənin siyasi terminlər lüğətində çevrilişçi və qiyamçı terminlərinin qarşısında CHP yazılır. Qiyamçılıq CHP-nin xarakteridir, ruhudur, kimliyidir. Çevriliş və qiyamçılara dəstək vermək CHP üçün idmandır”. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ