ABŞ ordusu Böyük Britaniyaya 12 ədəd "A-10C Thunderbolt" II döyüş təyyarəsi göndərib, yanacaqdaşıyan təyyarələr isə həm Britaniya, həm də Rumıniyada aktiv əməliyyatlarını davam etdirir.
Turkustan.az xəbər verir ki, açıq mənbələrə əsaslanan məlumatlara görə, 31 martda hər iki ölkədən ümumilikdə 6 ədəd KC-135 Stratotanker havaya qalxıb. Bu təyyarələrin bir qismi Britaniyadakı "RAF Mildenhall" bazasından uçuşlar həyata keçirib.
Eyni zamanda həmin bazadan "Lockheed Martin MC-130J Commando" II tipli xüsusi təyyarənin də havaya qalxdığı müəyyən edilib. Rumıniyada isə Buxarestdə yerləşən hərbi hava bazasından qalxan tanker təyyarələri Yunanıstan istiqamətində uçuşlar edib və geri qayıdıb.
Bundan əlavə, ABŞ-ın Men ştatından havaya qalxan bir neçə yanacaqdaşıyan təyyarənin Yaxın Şərqə çataraq İsrailə endiyi, digərlərinin isə bölgəyə doğru hərəkətdə olduğu müşahidə olunub.
Regionda yalnız tanker təyyarələrinin deyil, bombardmançıların da aktivləşdiyi bildirilir. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52H Stratofortress" bombardmançı təyyarəsinin Britaniyadan qalxaraq bölgədə uçuş həyata keçirdiyi və "JDAM" tipli bombalar daşıdığı qeyd olunur.
ABŞ rəsmiləri də bu hərəkətliliyi təsdiqləyib. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, B-52 bombardmançıları artıq Körfəz üzərində uçuşlara başlayıb.
Aytən Yaşar/ Turkustan.az