Aqrar siyasətin formalaşması və həyata keçirilməsində uzun illər məsul vəzifələrdə çalışan, beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil etmiş Xəyalə Dadaşova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri Professor” elmi adına və “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülərək təltif edilib.
Mükafatlar Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün tərəfindən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasıın Azərbaycan təmsilçiliyinin iştirakı ilə təqdim olunub.
Qeyd edək ki, Xəyalə Dadaşova kənd təsərrüfatı və qida təhlükəsiliyi sahəsində dövlət qulluğu, o cümlədən siyasi vəzifələrdə uzun illər məsul vəzifələrdə çalışmış, beynəlxalq platformalarda ölkəni uğurla təmsil etmiş aqrar siyasətinin formalaşması və həyata keçirilməsində, həmçinin ölkəmizin fitosanitar və epizotik sabitliyinin təmin olunmasında mühüm rol oynamış və peşəkar xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında nazir müavini və nazir vəzifəsini icra etmiş, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi olmuş və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamış Xəyalə Dadaşova fəaliyyət göstərdiyi bütün illərdə yalnız peşəkarlığı ilə deyil, həm də fermerlərə, sahibkarlıq subyektlərinə və ictimaiyyətə insani yanaşması ilə seçilmiş, həm həmkarlar, həm də cəmiyyət arasında böyük hörmət qazanmışdır.
Xəyalə Dadaşova beynəlxalq təşkilatlarda, xüsusilə Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasında (İPPC, İtaliya), Beynəlxalq Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatında (EPPO, Fransa) ölkəmizi təmsil edərək Azərbaycan Respublikasının rəsmi əlaqələndiricisi olmaqla yanaşı, EPPO-nun maliyyə hesabatlarının yoxlanılması üzrə Komissiyanın auditoru seçilmiş, eyni zamanda Ümumdünya Ticarət Təşkilatına (WTO) üzvlük prosesi çərçivəsində işçi qrupunda təmsil olunmuşdur.
O, fəaliyyəti boyunca ölkə daxili ilə yanaşı bir sıra ölkələrə ezam olunaraq kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində mövcud vəziyyət, problemlər, həlli yolları və inkişaf istiqamətlərinin analizlərini aparmış, qanunvericiliyin təkmilləşdirilməsi və strateji sənədlərin hazırlanmasında rol oynamışdır.
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində İsveçrədə (Cenevrə) keçirilən İşçi Qrupunun iclaslarında ikitərəfli və çoxtərəfli danışıqlarda, İPPS və EPPO-nin sessiyalarında, konfranslarında iştirak etmiş, həmçinin Mərkəzi Asiya və Avropa-Aralıq Dənizi regionuna üzv ölkələrin iştirakı ilə keçirilən iclaslarda, o cümlədən, Latviya, Qazaxstan, Türkiyə, Rusiya, Moldova, Fransa, Belçika, Niderland, İtaliya və s. ölkələrdə milli qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması, standartların hazırlanması, elektron idarəetmə və izlənmə sistemlərinin tətbiqi, məhsul istehsalı, daxili daşınma, idxal, ixrac və təkrar ixrac əməliyyatları, fitosanitar karantin nəzarəti və sertifikatlaşdırma mexanizmləri, zərərli orqanizmlərin monitorinqi, zərərsizləşdirilməsi və karantin tədbirlərinin tətbiqi, pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadəyə nəzarəti, davamlı üzvi çirkləndiricilərə, o cümlədən zəhərli kimyəvi tullantılara nəzarət üzrə sahələrin müzakirə və təlim proqramlarında xüsusi əhəmiyyət kəsb etmişdir.
Xəyalə Dadaşova Çin Xalq Respublikasında “İpək yolu” təşəbbüsü çərçivəsində, Türkiyə Respublikasında Naxçıvanın sərhədyanı ticarət əlaqələrinə dair müzakirələrdə fəal olmaqla yanaşı, Hindistan Respublikasında Baramaçılığın təşkili və ipəkçilik texnologiyası üzrə uzunmüddətli beynəlxalq təlim proqramlarında iştirak etmiş, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihələrində milli ekspert və kordinator seçilərək, kənd təsərrüfatının inkişafında, fermerlərin, sahibkarlıq subyektlərinin, həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sahə üzrə bilik və bacarıqlarının artırılmasında dəstək vermişdir.
Ölkə başçısının Türkiyə Respublikasına göstərdiyi diqqət və qayğı, dostluq və qardaşlıq münasibətləri Xəyalə Dadaşovanın amalında da yer almış və məhz bu səbəbdən Türk dünyasının iqtisadiyyatı, elmi və mədəniyyətinə verdiyi töhfələrə, eləcə də Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına göstərdiyi xidmətlərə görə “Fəxri Professor” elmi adına və “Beynəlxalq qızıl ulduz” medalına layiq görülmüşdür.






