İran Bəhreyn və BƏƏ-ni ittiham etdi: “Hücumlara görə təzminat ödəməlidirlər”


İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bildirib ki, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ–İsrail hücumlarında öz ərazilərindən istifadənin qarşısını almadıqlarına görə Tehrana təzminat ödəməlidirlər.

Turkustan.az xəbər verir ki, yarırəsmi Tasnim Xəbər Agentliyinin məlumatına əsasən, İrəvani bu məsələ ilə bağlı BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb. Məktubda Bəhreyn və BƏƏ-nin ərazilərinin ABŞ və İsrail tərəfindən hərbi əməliyyatlar üçün istifadə edildiyi iddia olunur.

Sənəddə vurğulanır ki, xarici ərazilərin hərbi hücumlar məqsədilə istifadəsinə icazə verilməsi beynəlxalq hüquqa ziddir. Eyni zamanda qeyd edilir ki, Bəhreyn hakimiyyəti bu məsələ ilə bağlı əvvəlcədən məlumatlandırılıb və bu fakt BMT sənədlərində də əksini tapıb.

İrəvani məktubunda hücumlar zamanı mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığını bildirib. Onun sözlərinə görə, bu cür addımlar mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə ziddir.

O əlavə edib ki, BƏƏ və Bəhreynin beynəlxalq hüququ pozan hərəkətləri onların beynəlxalq məsuliyyət daşımasına səbəb olur. Bu çərçivədə İran, dəyən bütün maddi və mənəvi zərərlərin ödənilməsi də daxil olmaqla, kompensasiya tələb edir.

Qeyd edək ki, İran daha əvvəl ABŞ-ın ölkəyə qarşı həyata keçirdiyi bəzi hücumların Bəhreyn və BƏƏ ərazilərindən həyata keçirildiyini iddia etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ