Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunması maraq doğurub. Bu mükafat Azərbaycan–Ermənistan dialoqunda yeni mərhələnin başladığını, həmçinin regionda sülh, əməkdaşlıq və dialoqun təşviq edildiyini göstəricisi kimi qiymətləndirilir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zayed bin Sultan Əl Nahyanın xatirəsinə təsis olunub. Mükafat qlobal sülhü təşviq etmək, irqi-dini ayrı-seçkiliyə, radikalizmə qarşı çıxmaq və dialoqu dəstəkləmək dəyərlərini özündə birləşdirir.
Daha əvvəl bu mükafata mərhum Papa Fransisk, BMT-nin Baş katibi Antonio Quterreş kimi nüfuzlu şəxslər layiq görülüblər.
Mükafatın fondu 1 milyon ABŞ dollarıdır. Birdən çox laureat olarsa, bu məbləğ onların arasında bölünür.
2026-cı ildə “Zayed İnsan Qardaşlığı Mükafatı”na Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, əfqan qızların müdafiəçisi Zarqa Yaftali layiq görülüb.
Azərbaycan və Ermənistan liderlərinə bu mükafatın verilməsinin pərdəarxasında nələr var?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Əbu-Dabidə Prezident İlham Əliyev və Nikol Paşinyana təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” sadəcə formal bir diplomatik addım deyil:
“Bu həm də regionda və beynəlxalq səviyyədə sülh, dialoq və əməkdaşlıq mesajını gücləndirən simvolik hadisədir. Məlumdur ki, mükafat mərhum BƏƏ lideri Şeyx Zayedin adını daşıyır və onun ideyalarına uyğun olaraq insan qardaşlığını, dinlərarası və sivilizasiyalararası dialoqu təşviq etməyi, eləcə də humanitar və diplomatik təşəbbüsləri qiymətləndirməyi hədəfləyir.
Mükafatın Azərbaycan və Ermənistan liderlərinə təqdim olunması isə bir neçə strateji mesaj daşıyır. İlk növbədə, bu addım sülh prosesinin beynəlxalq səviyyədə legitimləşdirilməsi deməkdir. Uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılıqlar artıq yalnız tərəflərarası deyil, beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış və dəstəklənmiş proses kimi təqdim olunur. Mükafat həmçinin göstərir ki, sülh yalnız texniki və diplomatik sənədlərlə yox, həm də simvolik rəmzlərlə möhkəmləndirilir.
BƏƏ-nin buradakı rolu xüsusilə əhəmiyyətlidir. Əbu-Dabidə keçirilən mərasim ərəb dünyasının regional sülh prosesinə marağını və dəstəyini göstərir. Oman, ABŞ və digər beynəlxalq aktorlar kimi BƏƏ də sülh prosesində neytral, lakin nüfuzlu vasitəçi kimi çıxış edir. Bu, Azərbaycan və Ermənistan liderlərinə həm daxili, həm də xarici auditoriya qarşısında sülhü qorumaq və irəlilətmək üçün strateji zəmin təmin edir”.

Politoloq bildirib ki, mükafat həmçinin Azərbaycanın post-münaqişə strategiyasını beynəlxalq səviyyədə təqdim etməyə xidmət edir:
“Azərbaycan özünü sülhü təşviq edən, regional əməkdaşlıq və inteqrasiya üçün təşəbbüskar dövlət kimi göstərir. Bu, digər regional münaqişələr üçün də nümunə ola biləcək bir addımdır. Tərəflər sübut edir ki, uzunmüddətli qarşıdurmalara baxmayaraq, sülh mümkündür və onu həm yerli, həm də qlobal səviyyədə möhkəmləndirmək olar.
Odur ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyev və Nikol Paşinyana verilməsi sülhün beynəlxalq səviyyədə tanınması, BƏƏ-nin sülhü təşfiq edən tərəf olaraq rolunun təsdiqi və Azərbaycan–Ermənistan dialoqunun yeni mərhələyə keçdiyini göstərən simvolik addım olaraq qiymətləndirilə bilər. Bu mükafat həm də real diplomatik, iqtisadi və siyasi əməkdaşlığın başlanğıcını möhkəmləndirir və regionda davamlı sülh üçün yol xəritəsi kimi çıxış edir”.