Britaniya Baş naziri Starmer Epşteyn qalmaqalı ilə bağlı üzr istədi


Böyük Britaniyanın Baş naziri Keir Starmer, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və fahişəlik şəbəkəsi ilə əlaqəli ittihamlarla həbs olunmuş və sonradan həbsxanada ölü tapılmış Ceffri Epşteynlə münasibətləri olduğu bilinən keçmiş britaniyalı diplomat Peter Mandelsonu vəzifəyə təyin etdiyinə görə Epşteynin qurbanlarından üzr istəyib.

Turkustan.az xəbər verir ki, Peter Mandelsonun səfir təyin olunmasının şübhə altına alındığı və hökumətin bu məsələ ilə bağlı mövqeyinin artan siyasi təzyiqlə üzləşdiyi bir vaxtda Baş nazir Starmer Şərqi Sasseksdə iştirak etdiyi tədbirdə məsələ ilə bağlı açıqlamalar verib.

Starmer çıxışında bildirib:
“Epşteynin qurbanları əksəriyyətimizin təsəvvür edə bilmədiyi ağır travmalar yaşayıb və bunu dəfələrlə yenidən yaşamalı olublar. Məsul şəxslər bəzən cavabdeh tutulub, lakin çox vaxt məsuliyyətdən yayınmağa imkan verilib. Açıq şəkildə demək istəyirəm: Üzr istəyirəm. Sizə edilənlərə görə üzr istəyirəm. Hakimiyyətdə olan bu qədər insanın sizi məyus etməsinə görə üzr istəyirəm. Mandelsonun yalanlarına inanaraq onu təyin etdiyimə görə üzr istəyirəm və bu hekayənin yenidən ictimaiyyət qarşısında açılmasını izləmək məcburiyyətində qalmağınıza görə üzr istəyirəm.”

Baş nazir vurğulayıb ki, baş verənlərə göz yumulmayacaq və hakimiyyətdə olanların ədaləti şəxsi seçim kimi qəbul etməsinə icazə verilməyəcək. O əlavə edib ki, həqiqətin üzə çıxarılması üçün bütün addımlar atılacaq.

Starmer ictimai həyatın bütövlüyünün qorunacağını və ədalətin maraqları naminə bütün imkanlardan istifadə ediləcəyini bildirərək deyib:
“Biz bunu hesabatlılığı təmin etmək üçün edəcəyik. İctimaiyyətin gözləntisi budur. Bu, qurbanların haqqıdır və mən bunu yerinə yetirəcəyəm.”

Baş nazir, Böyük Britaniya Parlamentində keçirilən həftəlik “Baş nazirin sualları” iclasında da çıxış edərək Mandelsonun ABŞ-da səfir vəzifəsində çalışdığı dövrdə Epşteynlə münasibətləri barədə dəfələrlə yalan məlumat verdiyini bildirib.

Starmer Mandelsonun səfir təyin edilməsindən peşman olduğunu ifadə edərək qeyd edib:
“Əgər bu gün bildiklərimi o vaxt bilsəydim, o, hökumətə yaxınlaşmazdı belə.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ