Lavrovdan Ermənistana "seçim" xəbərdarlığı: Aİ üzvlüyü Aİİ ilə bir araya sığmır!


Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan parlamentinin spikeri Alen Simonyanla Moskvada keçirdiyi görüşdə İrəvanın xarici siyasi kursu ilə bağlı Moskvanın son və qəti mövqeyini açıqlayıb.

Turkustan.az-ın məlumatına görə Lavrov bildirib ki, Ermənistanın eyni anda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv olması texniki və hüquqi baxımdan qeyri-mümkündür. Nazirin sözlərinə görə, bu iki təşkilatın ticarət, investisiya və hüquqi standartları bir-biri ilə tam ziddiyyət təşkil edir və Brüsselin tələbləri birbaşa Moskvanın rəhbərlik etdiyi iqtisadi məkandan çıxmağı nəzərdə tutur.

Gərgin keçən dialoq zamanı Lavrov vurğulayıb ki, Aİ standartlarına keçid həm də Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmasını və xarici siyasətini tamamilə Brüssellə koordinasiya etməsini tələb edir. Lakin buna baxmayaraq, nazir Moskvanın İrəvana təzyiq etməyəcəyi mesajını da verib: "Bu, sizin seçiminizdir və biz buna tam hörmətlə yanaşacağıq. Lakin xatırlatmalıyıq ki, Ermənistanın ÜDM-i məhz Aİİ çərçivəsində iki dəfədən çox artıb".

Alen Simonyan isə cavabında Ermənistanın Rusiyadan iqtisadi cəhətdən uzaqlaşmaq niyyətində olmadığını, lakin xalqın iradəsi ilə Avropa standartlarına uyğunlaşma prosesinin davam etdiyini bildirib. Lavrov həmçinin xəbərdarlıq edib ki, Aİ-nin vəd etdiyi vizasız rejim müqabilində Ermənistanın hüquq-mühafizə və sərhəd mühafizəsi sistemləri üzərində nəzarət tələb etməsi, hazırda ölkədə olan Rusiya sərhədçilərinin statusu ilə ciddi suallar yaradır. Beləliklə, Moskva İrəvana açıq şəkildə bildirib: Rusiya Ermənistanın "Avropa xəyalı"na hörmət etsə də, bu yolun iqtisadi və təhlükəsizlik fəsadlarına görə məsuliyyət tamamilə İrəvanın üzərinə düşəcək. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ