Berlin hava limanında uçuşlar tam dayandırıldı


Almaniyanın paytaxtı Berlində yerləşən Brandenburq Hava Limanı (BER) güclü buzlanma səbəbindən bu səhər uçuş əməliyyatlarını tamamilə dayandırıb.

Turkustan.az xəbər verir ki, BER-in yaydığı açıqlamada bildirilir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar hazırda heç bir təyyarə hava limanından havaya qalxa bilmir.

Qeyd olunur ki, vəziyyətin əsas səbəbi sürətlə donan yağışdır. Bu hava hadisəsi səbəbindən təyyarələr üçün tətbiq edilən buzdan təmizləmə prosedurları hələlik effektiv nəticə vermir. Mövcud məhdudiyyət yalnız yola düşməsi planlaşdırılan reyslərə şamil olunur.

Açıqlamaya görə, artıq havada olan və eniş mərhələsində olan təyyarələr təhlükəsiz şəkildə hava limanına enə bilib. Lakin uçuşların dayandırılması səbəbindən zəncirvari gecikmələrin yaşanacağı gözlənilir.

Uçuşların nə qədər müddətə dayandırılacağı hələlik məlum deyil. BER rəsmiləri sərnişinlərə hava limanına gəlməzdən əvvəl uçuş statuslarını müvafiq aviaşirkətlərlə yoxlamağı tövsiyə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ