Rusiya İran üçün müharibəyə qoşulacaqmı?


Rusiya İran ətrafındakı vəziyyətə laqeyd deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda özünü İrana, İsrailə və ya ABŞ-yə zorla qəbul etdirməyə çalışmır.

“Onlarla təmaslarımızda sadəcə İrandakı vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımızdır. Vəziyyətin necə inkişaf etdiyinə laqeyd deyilik. Üstəlik, bu, təkcə İranın özü üçün deyil, bütün Yaxın və Orta Şərq üçün partlayıcıdır. Orada sadəcə tapdalanmağı gözləyən çoxlu sayda saatlı bomba var. İran və İsrail bilir ki, biz yenidən razılaşmaların həyata keçirilməsinə töhfə vermək baxımından xidmətlərimizi təklif etməyə hazırıq. Ümid edirik ki, bu razılıq əldə olunacaq", - Lavrov qeyd edib.

Bəs Rusiya İranı ABŞ-nin mümkün hərbi zərbələrindən həqiqətən qoruya bilərmi? Rusiya İranı hansı yollarla qoruya bilər?

Siyasi analitiklər hesab edir ki, Rusiya İrana siyasi dəstək verə bilər, lakin hərbi dəstək verməsi ehtimalı yoxdur. Məsələn, Rusiya BMT Təhlükəsizlik Şurasında İran əleyhinə sərt qərarları veto hüququndan istifadə edib əngəlləyə, İrana hərbi müdaxilə olarsa, Rusiya BMT TŞ-nin üzvü kimi ABŞ-nin hərəkətinin beynəlxalq hüquqa qarşı olduğu məsələsini qaldıra bilər. Amma bu siyasi dəstək kimi yalnız siyasi təzyiqləri azaldar, raketləri havada saxlamaq gücündə olmayacaq.

Rusiyanın İrana hərbi-texniki dəstək verməsinin mümkünlüyünə gəlincə, ekspertlər qeyd edir ki, Rusiya İrana hava hücumundan müdafiə sistemləri (S-300, potensial olaraq S-400 texnologiyaları), radar, pilotsuz sistemlər və raket texnologiyaları verə bilər. Ancaq Rusiyanın Ukrayna müharibəsində özünə silahlar daha çox lazım olduğunu nəzərə alsaq, bu addımları atması ehtimalı çox azdır.

Rusiya İran üçün ABŞ ilə birbaşa toqquşmaya girmək istəmir. İran Rusiya üçün müttəfiqdən çox taktiki tərəfdaşdır. Eyni zamanda İran Rusiya üçün dəyişdirilə bilən, alver predmeti olan aktordur. Rusiyanın hansısa mərhələdə böyük qarşılıq müqabilində İranı ABŞ-yə qurban da verə bilər. Bu gün Moskva üçün əsas prioritetlər Ukrayna cəbhəsi, daxili iqtisadi sabitlik, Qərblə birbaşa müharibədən qaçmaqdır. Odur ki, ABŞ İrana hərbi zərbələr endirsə belə, Rusiya ABŞ ilə hərbi toqquşmaya girməyəcək. Rusiya öz ordusunu İranı qorumaq üçün bu ölkəyə yeritməsi ehtimalı sıfıra yaxın qiymətləndirilir.


MANŞET XƏBƏRLƏRİ