Milyarder Epşteyn Şahzadə Salmana qalmaqallı təklif edir! Sənədlər sızdırıldı


Cinsi istismar və insan alveri ittihamları ilə gündəmə gəlmiş ABŞ milyarderi Ceffri Epşteynin 2016-cı ildə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana özünü “maliyyə vasitəçisi” və “maliyyə sirdaşı” kimi təqdim etdiyi ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, sızdırılmış məlumatlar göstərir ki, Epşteyn Səudiyyə Ərəbistanının ən yüksək qərar qəbuletmə dairələrinə birbaşa çıxış əldə etməyə çalışıb.

Sızdırılmış yazışmalara görə, Epşteyn mesajların çatdırılmasında BƏƏ-li iş adamı Əzizə Əl Əhmədini vasitəçi kimi təqdim edib. Vəliəhd şahzadəyə göndərdiyi mesajlarda Epşteyn Səudiyyə kral sarayında rəsmi və strateji rol tutmaq niyyətini açıq şəkildə ifadə edib.

Epşteyn mesajlarında özünü siyasət və kəşfiyyat fəaliyyətlərindən kənar göstərərək yazır:
“Mənim təklifim Şahzadənin, sarayın və ya Səudiyyə Ərəbistanı Krallığının ‘Maliyyə Müfəttişi’ olmaqdır. Mən məmnuniyyətlə Vision 2030 layihəsinin maliyyə strukturlaşdırılmasına töhfə verənlərdən biri olardım. Mən nə siyasətçi, nə əsgər, nə də casusam. Krallığın maraqlarını təmsil etməkdən məmnun olardım.”

Epşteynin mesajlarından görünür ki, onun əsas hədəfi Vision 2030 layihəsi olub. O, layihənin bütün maliyyə komponentləri üzərində tam nəzarət istədiyini və nazirlərin, məsləhətçilərin birbaşa qiymətləndirilməsini tələb edib.

Epşteyn mesajlarında əlavə edib:
“Bütün maliyyə komponentlərini, nazirləri və məsləhətçiləri şəxsən araşdırmalıyam. Vision layihəsinin mütləq maliyyə memarına ehtiyacı var; əks halda o, gözəl bir saray əvəzinə bədəvi kəndinə bənzəyəcək.”

Epşteyn həmçinin vəliəhd şahzadə ilə birbaşa və müntəzəm görüş tələb edib. O, hər iki həftədən bir 30 dəqiqəlik təkbətək görüş və ya Skype zəngi istədiyini bildirərək fiziki yerinin önəmli olmadığını vurğulayıb:
“Əhəmiyyətli olan bədənimin harada olması deyil, fikirlərimin olmasıdır.”

Daha diqqətçəkən məqam isə Epşteynin birinci il üçün heç bir ödəniş tələb etməməsi olub. O, yalnız səyahət kimi birbaşa xərclərin qarşılanmasını istəyib və ödənişin birinci ilin sonunda tamamilə şahzadənin qərarına buraxılacağını qeyd edib.

Sızdırılmış fayllarda həmçinin Ceffri Epşteyn və Məhəmməd bin Salmanın birlikdə çəkilmiş fotosu da yer alır. Bu sənədlər Epşteynin beynəlxalq güc mərkəzlərinə çıxış əldə etmək cəhdlərinin miqyasını bir daha göstərir və yayımlanan yazışmalar qlobal müzakirələrə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ