Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...


Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Turkustan.az xəbər verir ki, təqsirləndirilənlərdən Arkadi Qukasyan və Bako Saakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslərin 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Saakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərə 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ