Onun adı düz 1055 dəfə çəkilib! Rusiyadan çoxdan gözlənilən açıqlama gəldi


ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan son Epşteyn sənədlərinə əsasən, Ceffri Epşteyn 2010-cu ildən etibarən Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə görüş təşkil etməyə sistemli şəkildə cəhd göstərib.

Turkustan.az xəbər verir ki, sənədlərdə Putinin adının ümumilikdə 1055 dəfə çəkildiyi bildirilir. Elektron yazışmalardan görünür ki, Epşteyn xüsusilə 2010-cu ilin əvvəllərində, azyaşlıların cinsi istismarı ilə bağlı ittihamlarla üzləşdikdən sonra Putinlə əlaqə yaratmağa çalışıb.

Epşteynin bu cəhdlərinin nəticə verib-vermədiyi sənədlərdən aydın olmur. Məlumata görə, 2013–2018-ci illər arasında o, Rusiyaya xarici investisiya cəlb etmək bəhanəsi ilə dostlarından və siyasi əlaqələrindən istifadə edərək Putinlə görüş təşkil etməyə çalışıb. Lakin bu görüşün baş tutub-tutmadığına dair sənədlərdə konkret məlumat yer almır.

Epşteyn sənədlərinin yayımlanması beynəlxalq səviyyədə geniş rezonans doğurduğu bir vaxtda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı ilk dəfə açıqlama verib.

Həftəlik mətbuat brifinqində çıxış edən Zaxarova Epşteyn sənədləri kimi tanınan və üç milyondan artıq materialın yayımlandığını xatırladaraq bildirib:
“Qərb elitasının uşaqlara, hətta öz uşaqlarına necə davrandığını görürük. Bu, onlar üçün o qədər də vacib deyil. İllərdir uşaqlara qarşı zorakılıq edən və bunu adi hala çevirən insanlardan nə gözləmək olar?”

Zaxarova vurğulayıb ki, korrupsiya və istismar hesabına siyasi karyera qurmağa çalışanlardan, o cümlədən yetkinlik yaşına çatmayanları istismar edən şəxslərdən heç bir müsbət gözlənti ola bilməz. Onun sözlərinə görə, “Kiyev rejiminin arxasında dayananlar məhz bu insanlardır. Kiyev rejiminə uşaqları və mülki şəxsləri öldürmək üçün böyük maliyyə vəsaiti ayıranlar da onlardır. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin etdiyi kimi, Ukrayna ərazisində insanların razılığı olmadan orqan transplantasiyasını asanlaşdıraraq orqan ticarətini qanuniləşdirirlər.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ