“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qərbi Azərbaycan İrsini Tanı” Gənclər Forumu layihəsinə start verir.
Turkustan.az xəbər verir ki, fevral-aprel aylarını əhatə edəcək layihənin məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini qorumaq və təbliğ etmək, bölgənin tarixi, adət-ənənə, folklor və incəsənət nümunələrini geniş kütlələrə çatdırmaqdır. Eyni zamanda, layihə istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların sahə fəaliyyətlərini dəstəkləməyə istiqamətlənmişdir. Layihə gənclər arasında təşəbbüskarlığı və innovativ yanaşmaları stimullaşdıraraq, Qərbi Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı inkişafı hədəfləyir.
16–29 yaş aralığında, istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların sahə fəaliyyətlərini dəstəkləməyi hədəfləyən layihə çərçivəsində silsilə tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Bakı və Sumqayıt şəhərlərində konfrans, foto sərgi, intellektual çempionat, bədii proqram və “Qərbi Azərbaycan Mədəniyyəti İrsi” Gənclər Forumu təşkil olunacaq.
Layihə gənclərin yalnız dinləyici deyil, aktiv iştirakçı kimi prosesə qoşulmasını hədəfləyir. İnteraktiv təqdimatlar, audio-vizual materiallar, ekspert və qonaq spikerlərlə görüşlər vasitəsilə iştirakçılar Qərbi Azərbaycan irsi haqqında əhatəli məlumat əldə edəcək, eyni zamanda təşəbbüs qruplarında birləşərək yaradıcı ideyalar üzərində çalışacaqlar. Praktiki sessiyalar zamanı gənclər mədəni irsin təbliği üçün rəqəmsal məzmunlar, sosial media təşəbbüsləri və ictimai kampaniyalar hazırlayacaqlar.
Qeyd edək ki, “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” çərçivəsində, Qərbi Azərbaycan İcmasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. “İRƏLİ” İctimai Birliyi bu istiqamətdə daha öncə də bir sıra uğurlu fəaliyyətlər həyata keçirib. Qurumun təşkilatçılığı ilə Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və Qərbi Azərbaycan mədəniyyəti irsinin təbliği məqsədilə konfranslar, festivallar, düşərgələr, infosessiyalar və film nümayişləri təşkil olunub.
Tədbirlərdə iştirak etmək üçün İRƏLİ İctimai Birliyinin sosial medi hesablarını izləmənizi tövsiyə edirik. Tədbirlərin tarixi və iştirak qaydası mütəmadi olaraq paylaşılacaqdır.