Prezident İlham Əliyevin su təchizatı və su təsərrüfatının idarə olunması ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə uzun illərdir həyata keçirilən sistemli islahatların ardıcıl davamı kimi qiymətləndirilir. Bu sahədə atılan addımlar yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək çağırışlara cavab verən dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir. Xüsusilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında mühüm mərhələ hesab olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Dövlət Proqramının əsas istiqamətləri, icra mexanizmləri, qarşıda duran vəzifələr və görüləcək işlərin miqyası ətraflı şəkildə müzakirə edilib. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, su təsərrüfatı sahəsində mövcud çatışmazlıqlar təkcə texniki problem deyil, həm də strateji təhlükəsizlik məsələsidir. Məhz buna görə də bu sahədə həyata keçirilən tədbirlər epizodik deyil, sistemli, ardıcıl və kompleks yanaşma əsasında qurulmalıdır.
“Müşavirədə su itkisi, köhnə infrastrukturun yaratdığı problemlər, şəbəkələrdə monitorinq imkanlarının zəifliyi və alternativ su mənbələrinin istifadəsi ilə bağlı məsələlər xüsusi vurğulanıb. Dövlətimizin başçısı bu problemlərin aradan qaldırılması məqsədilə islahatların sürətləndirilməsi, müasir texnologiyaların tətbiqi, köhnə və yararsız xətlərin mərhələli şəkildə yenilənməsi, sayğaclaşdırmanın tam və şəffaf formada başa çatdırılması ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib. Çünki su itkisi həm iqtisadi baxımdan böyük zərər yaradır, həm də ekoloji mühitə mənfi təsir göstərir və buna görə də müasir idarəetmə mexanizmlərinin tətbiqi qaçılmazdır. Yeni Dövlət Proqramı çərçivəsində məhz bu problemlərin köklü şəkildə həll edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Leysan yağışlarından sonra yaranan subasma halları, mövcud kollektor xətlərinin köhnəlməsi, çirkab və yağış sularının düzgün yönləndirilməməsi kimi məsələlərin aradan qaldırılması üçün yeni tunellərin, müasir çirkab suları kəmərlərinin inşası, həmçinin yağış sularının ayrıca sistemlərlə idarə olunması nəzərdə tutulur. Bu tədbirlər şəhər mühitinin daha təhlükəsiz, komfortlu və dayanıqlı olmasına mühüm töhfə verəcək”, - deyə deputat vurğulayıb.
O, qəbul edilən Dövlət Proqramının əhəmiyyətinin yalnız infrastruktur məsələləri ilə məhdudlaşmadığına diqqət çəkərək deyib: “Bakı və Abşeron yarımadasında yaşayan milyonlarla insanın fasiləsiz, keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin olunması, sənaye və xidmət sektorunun etibarlı su təchizatı bazasına malik olması, kənd təsərrüfatı üçün dayanıqlı suvarma imkanlarının yaradılması ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaq. Su ehtiyatlarının düzgün və səmərəli idarə olunması, eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatı məhsuldarlığının artırılmasına və regionların balanslı inkişafına da ciddi təsir göstərəcək.
Görüləcək işlərin miqyası kifayət qədər geniş və çoxşaxəlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün layihələr mərhələli şəkildə, dəqiq planlama və nəzarət mexanizmləri əsasında həyata keçiriləcək. Su şəbəkələrinin yenilənməsi, yeni magistral xətlərin çəkilməsi, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin tətbiqi, alternativ su mənbələrinin araşdırılması və istismara cəlb olunması uzunmüddətli perspektivdə Azərbaycanın su təhlükəsizliyini təmin edəcək əsas amillərdən olacaq. Bu yanaşma problemlərin həlli üçün real, məqsədyönlü və sistemli addımların atıldığını aydın şəkildə göstərir. Ümumilikdə qəbul edilən bu Dövlət Proqramı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın su təsərrüfatında yeni bir inkişaf mərhələsinin başlandığını nümayiş etdirir. Atılan addımlar yalnız bugünkü ehtiyaclara deyil, eyni zamanda, gələcək nəsillərin su təhlükəsizliyinin təmin olunmasına hesablanıb. İnfrastrukturun modernləşdirilməsi, şəhər və kənd yaşayış məntəqələrinin dayanıqlı su təchizatı ilə təmin edilməsi, ekoloji balansın qorunması və təbii resurslardan səmərəli istifadə ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir. Bu proqramın uğurla icrası Azərbaycanın sosial rifahının yüksəldilməsinə, iqtisadi dinamikasının gücləndirilməsinə və ekoloji sabitliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək”.