ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında yaxın iki həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə görüş keçiriləcəyi gözlənilir.
Kreml görüşlə bağlı ilkin hazırlıqların aparıldığını təsdiqləyib və diplomatik danışıqların davam etdiyini bildirib. Tramp tərəfi də bu görüşə maraq göstərdiyini gizlətmir. Görüşün, ABŞ-ın Ukraynaya Tomahawk raketləri göndərmək ehtimalının gündəmə gəldiyi bir vaxtda baş tutması, beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Bu səbəbdən Tramp–Putin görüşü təkcə iki liderin deyil, bütövlükdə Qərb–Rusiya münasibətlərinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır görəsən, bu görüş əvvəlki gərgin atmosferdə keçən görüşdən fərqlənəcəkmi? Putin bu dəfə sülhə razı ola bilərmi?
Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüş qlobal siyasətin ən çox diqqət çəkən hadisələrindən birinə çevrilib. Bu dialoq yalnız iki liderin qarşılaşması deyil, həm də yeni güc balansının hansı istiqamətdə formalaşacağını müəyyən edəcək addımdır.Görüşün əsas məqsədi münasibətlərin tam bərpası deyil, qarşılıqlı maraqların sərhədlərini yenidən müəyyənləşdirməkdir. Artıq dünya unipolyar deyil – ABŞ və Rusiya bir-birini tam sıxışdıra bilmir, bu da məhz diplomatik təmaslara zərurət yaradır. Tramp əvvəlki görüşlərdə olduğu kimi, dialoqa “realist yanaşma” ilə daxil olur, yəni sanksiya təzyiqindən çox razılaşma mexanizmlərinə üstünlük verir.
Putin isə bu görüşdən istifadə edərək Qərblə münasibətlərdə müəyyən yumşalma əldə etməyə çalışır. Əvvəlki dövrlərdən fərqli olaraq indi danışıqların fonunda Yaxın Şərqdə gərginlik, Çin amilinin artan rolu və enerji bazarındakı dəyişikliklər dayanır. Ukrayna məsələsi bu görüşün əsas mövzularından biri olacaq, amma tərəflərin hələlik fundamental razılığa gəlməsi real görünmür. Tramp və Putin bir-birlərini yaxşı tanıyırlar, bu da dialoqun açıq və konkret keçməsini təmin edə bilər. Ancaq hər iki tərəf üçün də əsas məqsəd – itkisiz şəkildə qlobal nüfuz bölgüsünü qorumaqdır.
Putin üçün bu görüş diplomatik nəfəs alma imkanıdır, Tramp üçünsə ABŞ-ın qlobal mövqelərini qoruma cəhdidir. Hər iki liderin ritorikasında “sülh” ifadəsi səslənsə də, arxasında sərt geosiyasi hesablamalar dayanır. Bu görüşdə heç bir dramatik dönüş gözlənilmir, amma tonun yumşalması və müəyyən təmas kanallarının açılması mümkündür. Əgər tərəflər konkret təhlükəsizlik mexanizmləri barədə razılığa gəlsələr, bu, müharibə riskini azalda bilər.
Sülhə gəlincə, bu, hələlik uzaq perspektivdir – çünki tərəflərin hər biri öz maraqlarını maksimum təmin etmək istəyir. Ancaq danışıqların baş tutması belə beynəlxalq diplomatiya üçün pozitiv siqnal sayılmalıdır. Qlobal gərginliklərin artdığı dövrdə Tramp-Putin xətti, ən azı, “kontrollu qarşıdurma” modelinin formalaşmasına yardım edə bilər. Bu görüş sülhün özündən çox, qarşıdurmanın sərhədlərini müəyyənləşdirəcək. Və əgər bu sərhədlər aydın cızılarsa, dünya yeni və daha sabit təhlükəsizlik arxitekturasına bir addım daha yaxınlaşa bilər.
Aytən Yaşar/ Turkustan.az