Azərbaycanda bu meyvə “yoxa çıxdı” – Bilinməyən səbəblər


Son illər bazarlarda narıncı mandarinlərə az rast gəlirik. Adətən bu cür sitrus meyvələrinin yaşıl rəngli növü satışa çıxarılır. Bu vəziyyət alıcıların marağına səbəb olur və müəyyən suallar doğurur.

Mandarinlərin rənginin dəyişməsi təsadüfi haldır, yoxsa elmi izahı var?

Globalinfo.az-a danışan aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib ki, bu, bir çox subtropik və tropik bölgələrdə müşahidə olunan tendensiyadır:

“Sitrus meyvələrinin narıncı rəng alması, əsasən temperatur fərqi və işıq şəraiti ilə bağlıdır. Meyvələr yetişdikcə onlara yaşıl rəng verən xlorofil günəş şüalarının təsiri altında tədricən parçalanır. Xlorofil azaldıqca, onun altında yerləşən və narıncı rəng verən karotenoidlər daha aydın görünür. Narıncı rəngin tam formalaşması üçün gecə temperaturun 12-15°C civarında olması vacibdir. Bu şərait xlorofilin parçalanmasını sürətləndirir. Əksinə, gecələr isti keçdikdə, yaxud temperatur fərqi az olduqda, xlorofil parçalanmır və meyvə yaşıl qalır”.

akiff

Akif Nəsirli

Ekspert bildirib ki, subtropik bölgələrimizdə qış aylarının mülayim keçməsi və gecə temperaturun kifayət qədər aşağı düşməməsi mandarinlərin yaşıl olaraq qalmasına gətirib çıxarır:

“Lakin bu hal dad və şirinliyə təsir etmir, fərq yalnız xarici görünüşdədir. Belə vəziyyəti kənd təsərrüfatı baxımından “məhsul keyfiyyətinin aşağı düşməsi” kimi qiymətləndirmək düzgün deyil. Bəzən fermerlər və idxalçılar da yaşıl qala bilən sortları bazara çıxarırlar. Bu meyvələr tam rəng almadan yığılır, saxlanması və daşınması asan olur, bazarda daha uzun müddət təzə qalır, çürümə riski azalır. Meyvənin rənginə az da olsa pestisid, gübrə, yığım vaxtı və günəş işığı kimi amillər də təsir edə bilər. Yekun olaraq, bazarlarda rast gəlinən yaşıl mandarinlər əsasən iqlim dəyişiklikləri və yetişdirmə metodları ilə bağlıdır”.


MANŞET XƏBƏRLƏRİ