Bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib.
Görüş əsasən 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması faktı ətrafında şərtlərin dəqiqləşdirilməsi və gərginləşmiş ikitərəfli münasibətlərin yumşaldılması məqsədilə təşkil olunub.
Görüş zamanı Putin bu faciəli hadisəyə görə rəsmi üzr bildirib, həlak olanların ailələrinə kompensasiya ödənəcəyini, məsul şəxslərin cəzalandırılacağını və istintaqın tamamlanmasının zəruriliyini vurğulayıb.
Maraqlıdır, görəsən bu görüş iki ölkə arasındakı münasibətlərin normallaşmasına səbəb olacaqmı? Soyuqluq artıq başa çatdı? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Bu gün Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında baş tutan görüş mühüm əhəmiyyət daşıyırdı. Çünki artıq 10 aydan bəri davam edən iki ölkə arasındakı soyuqluq və gərginlik böyük ölçüdə səngidi, münasibətlərdə müəyyən yumşalma müşahidə olundu.
Görüşün ən diqqətçəkən məqamı ondan ibarət idi ki, Rusiya Prezidenti təyyarə insidenti ilə bağlı Azərbaycanın bütün tələblərini faktiki olaraq qəbul etdi, hadisəyə görə üzr istədi, həlak olanların ailələrinə kompensasiya ödənəcəyini bildirdi və günahkarların cəzalandırılacağını qeyd etdi. Hazırda istintaqın yekunlaşması gözlənilir.
Bu baxımdan, əlbəttə ki, bu hadisə çox vacib məqamdır — Rusiya tərəfi nəhayət Azərbaycanın haqlı mövqeyini qəbul etməyə məcbur oldu. Bu, müsbət haldır.
Lakin münasibətlərin əvvəlki səviyyəyə qayıtması məsələsinə gəldikdə, təəssüf ki, buna hələ müsbət cavab vermək mümkün deyil. Bunun əsas səbəbi ondan ibarətdir ki, münasibətlərin normal şəkildə bərpa olunması üçün hər iki tərəf bu prosesi istəməlidir. Azərbaycan Rusiya ilə münasibətlərin normal qonşuluq və tərəfdaşlıq səviyyəsində inkişafında maraqlıdır və bunu açıq şəkildə göstərir.
Amma münasibətlərin qarşılıqlı səmimiyyət və bərabərhüquqlu tərəfdaşlıq əsasında formalaşmasına əsas maneə — Rusiya cəmiyyətində və siyasi elitasında dərin kök salmış imperiya ambisiyaları və təkəbbürdür. Bu düşüncə tərzi münasibətlərin bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsinə imkan vermir.
Təəssüf ki, Rusiya cəmiyyəti və siyasi elitası hələ də postsovet məkanındakı ölkələrin müstəqilliyini tam şəkildə qəbul edə bilmir. Onlar hələ də keçmiş imperiya sərhədlərinin bərpası barədə düşünür və bunu gizlətmirlər.
Belə şəraitdə, protokol qaydalarına uyğun müəyyən normallaşma mümkün olsa da, səmimi və bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin yenidən formalaşması real görünmür. Bunun baş verməsi üçün Rusiyada — həm siyasi hakimiyyət, həm də cəmiyyət səviyyəsində ciddi təfəkkür və zehniyyət dəyişikliyi zəruridir.
Aytən Yaşar/ Turkustan.az