“Nemət mənə yaxınlaşıb, “Juliklərin” meydanda pul yığdıqlarını dedi”
Nemət Pənahlının Əbülfəz Elçibəyi 10 milyon manat mənimsədə ittiham etməsi günlərdir müzakirə edilir. Elçibəyin silahdaşı olmuş şəxslər bu sözləri iftira adlandırır, qəti şəkildə təkzib edirlər.
Turkustan.az Globalinfo.az-a istinadən 1988-ci il noyabrın 17-də başlanan Meydan Hərəkatının ilk mitinqlərinin təşkilatçısı, “Meydan sirləri” kitabının müəllifi Ənvər Əliyevlə müsahibəni təqdim edir:
– Ənvər müəllim, Azadlıq meydanında pul yığılması prosesi necə başlamışdı?
– Bununla bağlı Nemət Pənahlının 16 yanvar 1989-cu il dindirmə protokolundan məlumatları verim. Deməli, 18 yanvar 1989-cu il dindirmə protokolunda Rəsul Ələkbərov (yığılan pulu saxlayan şəxs) göstərir ki, noyabr ayının 19-da təxminən saat 12 radələrində Nemət mənə yaxınlaşıb, “Juliklərin” meydanda pul yığdıqlarını dedi. O, mənə inandığını və pulların mənim tərəfimdən yığılmasını təklif etdi. 17 yanvar 1989-cu il Pənahlı ilə Ələkbərovun üzləşmə protokolunda Nemət qeyd edir ki, idarəolunmaz pul yığımının qarşısını almaq üçün bu işi təmənnasız və tamamilə sadiq olan bir adam kimi Rəsul Ələkbərova tapşırdım. Xəbərdarlıq etdim ki, pulun gəlir və çıxarını jurnala qeyd etsin, pulu yalnız şəxsən mənim razılığımla versin. Burada Nemət Pənahlı əvvəlki ifadəsini təkrar edir və deyir: “Mən ayın 19-dan pul yığımını yaxın və etibarlı dostum Rəsul Ələkbərova tapşırdım”. Hər ikisi ifadələrini təsdiq edirlər. Bu məlumatlar SSRİ Prokurorluğu xüsusi işlәr üzrә istintaq qrupunun 1988-ci il 17 noyabrdan 5 dekabra kimi V.İ.Lenin adına meydanda keçirilmiş mitinqlәrin istintaq araşdırılmasına aid aparılmış 18/60522 saylı cinayәt işinin materiallarındandır.

Ənvər Əliyev
– Nemət Pənahlı deyib ki, meydanda xalq tərəfindən yığılan 10 milyon vəsaiti sonradan Əbülfəz Elçibəy mənimsəyib. Bu iddialar nə dərəcədə realdır?
– Nemət Pənahlının bütün sözləri yalandır. Əbülfəz Elçibəy həmişə pul yığımı məsələsinin əleyhinə olub. Amma Nemət həmin vaxt Meydanda mikrofonu əlinə alan kimi ən birinci pul söhbətini etdi. Bəy haqqında deyilən 10 milyon mənimsəməyə mən qətiyyən inanmıram. Adam danışdığına, dediyinə görə məsuliyyət daşıyar. Nemət Pənahlıda bu düşüncə yoxdur. Onun dediyi sözlərin mahiyyəti yoxdur. Əbülfəz bəyin 10 milyonu olsaydı, niyə prezident olurdu?
– Bu cür ittihamları Əbülfəz Elçibəyə yaraşdırırsınızmı?
– Əlbəttə, yox. Pul məsələsi ilə bağlı heç bir ittiham Elçibəyə yapışa bilməz.
– Pul nə üçün yığılırdı?
– Rəsul ifadəsində qeyd edir ki, pullar ancaq qaçqınlara və bir də Xalq Cəbhəsinin yaradılmasına sərf ediləcəkdir.
– Bəs həmin yığılan pulun taleyi necə oldu?
– O barədə bir söz deyə bilmərəm. İstintaqla bağlı olan məsələdir.