ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri ilə bağlı 800 milyard dollar dəyərində ikitərəfli müqavilə imzalayacaqlar.
Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Vladimir Zelenski ilə görüşə bilər və orada gələcək müqavilənin bütün detallarını müzakirə edəcəklər.
Plana əsasən, on illiklər ərzində 800 milyard dollar ayırmaq nəzərdə tutulur. Bunun Ukraynaya özəl şirkətlər də daxil olmaqla bir sıra investisiyalar cəlb etməyə kömək edəcəyi gözlənilir.
Qəzet Davos görüşü çərçivəsində Ukraynada yerləşdirilmək üçün təhlükəsizlik qüvvələrinin yaradılması ilə bağlı müqavilənin imzalanıb-imzalanmayacağı barədə məlumat verməyib. /axar.az/