Tehran qan içində: etirazlara sərt müdaxilə - ölənlərin sayı 200-ü keçdi - FOTO+VİDEO


ABŞ-ın nüfuzlu "TIME" jurnalı İranda, xüsusilə də paytaxt Tehranda davam edən etirazların zorakılıqla yatırılması zamanı ölənlərin sayının 200 nəfəri keçdiyini yazıb.

TTurkustan.az Musavat.com-a istinadən xəbər verir ki, nəşr bu məlumatı Tehranda çalışan və təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən iranlı həkimə istinadən yayımlayıb.

Məqalədə bildirilir ki, cümə axşamı gecəsindən etibarən etirazların miqyası kəskin şəkildə genişlənib və rejimə bağlı təhlükəsizlik qüvvələri bir çox ərazidə nümayişçilərə qarşı birbaşa atəş açmaqla cavab verib. Həmin həkimin verdiyi məlumata görə, təkcə Tehrandakı altı böyük xəstəxanada azı 217 etirazçının ölümü qeydə alınıb. Ölənlərin əksəriyyətinin canlı güllə yaraları aldığı vurğulanır.

"TIME" qeyd edir ki, açıqlanan bu rəqəmlər hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməsə də, İranda etirazlara qarşı tətbiq olunan zorakılığın miqyasını aydın şəkildə ortaya qoyur. Nəşrin yazdığına görə, baş verənlər fonunda rəsmi Tehran ölkə üzrə internet və telefon rabitəsini demək olar ki, tamamilə dayandırıb. Bu addım həm informasiya axınının qarşısını almaq, həm də etirazların koordinasiyasını çətinləşdirmək məqsədi daşıyır.

Məqalədə vurğulanır ki, mümkün ölüm sayının bu həddə çatması İran hakimiyyətinin etirazlara qarşı genişmiqyaslı və sərt repressiya planını işə saldığını göstərir. "TIME" bu prosesin beynəlxalq nəticələrinə də diqqət çəkərək bildirir ki, hadisələr ABŞ prezidenti Donald Trampın İrana ünvanladığı son sərt xəbərdarlıqlardan dərhal sonra baş verib. Tramp daha əvvəl bəyan etmişdi ki, əgər İran rejimi küçələrə çıxan etirazçılara qarşı kütləvi qətllərə yol verərsə, bunun “ağır bədəlini ödəyəcək”.

Nəşr xatırladır ki, etirazlar dekabrın son günlərindən etibarən başlayıb və ilkin mərhələdə sosial-iqtisadi narazılıqlarla bağlı olsa da, qısa müddətdə siyasi tələblərlə müşayiət olunan kütləvi hərəkat xarakteri alıb. Son günlərdə aksiyaların intensivliyi artıb, Tehranın müxtəlif rayonları ilə yanaşı, ölkənin digər böyük şəhərlərində də təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar qeydə alınıb.

"TIME" yazır ki, ortaya çıxan mənzərə İranda humanitar vəziyyətin getdikcə ağırlaşdığını və rejimin böhranı siyasi dialoq yolu ilə deyil, zorakılıq vasitəsilə nəzarət altına almağa çalışdığını göstərir. Nəşrə görə, ölənlərin real sayının açıqlanan rəqəmlərdən daha yüksək olması ehtimalı da istisna edilmir, çünki rabitənin kəsilməsi və informasiya blokadası hadisələrin tam miqyasını müəyyənləşdirməyi çətinləşdirir.


MANŞET XƏBƏRLƏRİ