“Türk NATO-su”nun əsası qoyulur - 2026-cı ildən sonra...


7 oktyabr tarixində Türk Dövlətləri Təşkilatının(TDT) 12-ci liderlər zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bir sıra mühüm mesajlar verib, təkliflər irəli sürüb.

Prezident İlham Əliyev türk dövlətlərinin ordularının Azərbaycanda birgə təlim keçməsini təklif edib.

“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”,-TDT-nin 12-ci zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı deyib.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin təklifi ilə türk dövlətlərinin ordularının Azərbaycanda hərbi təlimlər keçirməsi təkcə simvolik deyil, həm də praktiki baxımından çox mühüm addımdır:

“Türk Dövlətləri Təşkilatının(TDT) Qəbələdə keçirilən zirvə toplantısının ən mühüm istiqamətlərindən biri məhz təhlükəsizlik olub. Hər bir dövlət üçün ona istiqamətlənmiş təhdidin qarşısının alınması labüddür. Əsas məqam ondan ibarətdir ki, TDT yumşaq güc fazasından hərbi məsələlərin həlli, təlimlərin keçirilməsi, xüsusi xidmət orqanları səviyyəsində məlumat mübadiləsi və digər problemlərin mütləq şəkildə çözülməsi yönündə addımlar atır. Cənab Prezident İlham Əliyevin təklifi ilə üzv dövlətlərin Azərbaycanda hərbi təlimlər keçirməsi təkcə simvolik deyil, həm də praktiki baxımından çox mühüm addımdır. Bu hərbi bir tədbir deyil. Türk dünyasının təhlükəsizlik inteqrasiyasına doğru atılmış çox strateji, düşünülmüş addımdır”.

Komitə sədri vurğulayıb ki, bu addım gələcəkdə “Türk NATO-su” kimi strukturun hüquqi və siyasi əsaslarını möhkəmləndirə bilər:

“Amma hazırki məqamda məqsəd əməkdaşlıq, koordinasiya, qarşılıqlı müdafiə mədəniyyətini formalaşdırmaqdır. Məlumdur ki, təhlükəsizlik və müdafiə əməkdaşlığı bundan sonra dərinləşdiriləcək. Türk dövlətlərinin orduları arasında taktiki və strateji baxımdan uyğunluq yaradılacaq. Regionda strateji həmrəylik nümayiş etdiriləcək, müxtəlif strategiya və taktikanı, müdafiə mexanizmini praktiki olaraq, sınaqdan keçirmək mümkün olacaq. Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələrin bu prosesdə bir araya gəlməsi türk dünyasının birləşmiş güc konsepsiyasına, onun meydana gətirilməsinə zəmin yaradacaq".

Arzu Nağıyev bildirib ki, “Türk NATO-su” ifadəsi daha çox siyasi-analitik müstəvidə işlədilir.

"Hələlik bu, formal təşəbbüs deyil. Amma bu istiqamətdə təcrübə toplanılır. Türkiyə, artıq NATO üzvü kimi öz təcrübə və hərbi standartlarını digər türk dövlətləri ilə paylaşır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri, “Şuşa bəyannaməsi” və digər müqavilələr var. Belə bəyanamələr digər türk dövlətləri arasında da mövcuddur. Müdafiə sənayesinin inkişafı, təlim, kadr mübadiləsi kimi məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Bu, təbii ki, bir anda qurulacaq struktur deyil, məlum məsələdir ki, bu proses təkmilləşməlidir. Bunun əleyhinə çıxacaq dövlətlər olacaq. Təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif fikirlər irəli sürəcəklər. Lakin əsas məqam ortaq təhlükəsizliyin yaradılmasıdır. Regional sabitlik, xarici təhdidlər, qeyri-sabitlik hallarında müdafiə məsələlərinə yenidən baxılması, Orta Asiyada, Cənubi Qafqazda müxtəlif istiqamələrdə təhlükəsizlik kəmərinin yaradılması çox mühüm məsələdir. Düşünürəm ki, cənab Prezidentin bu təklifi çox mühüm töhfələr verəcək. Bununla böyük güclər qarşısında türk dövlətlərinin siyasi çəkisini çox ciddi şəkildə artırmaq mümkündür. Hər bir dövlət özünün müstəqil daxili və xarici siyasətini qurur. Bu gün dövlət və dövlətçiliyə qarşı olan təhdidin qarşısının alınması ən mühüm məsələ və strategiyadır. Bunu NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) alternativ kimi göstərməyə çalışa bilərlər. Amma bu alternativ yox, tamamlayıcı xarakter daşıya bilər. Yəni məqsəd yeni bloklaşma yaratmaq deyil, Türk dünyasının özünü müdafiə və strateji koordinasiya qabiliyyətini artırmaqdır. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, Ali Baş Komandan kimi, cənab İlham Əliyevin təklifi bu istiqamətdə çox mühüm əhəmiyyət kəsb edir. Dünyada baş verən hadisələr kontekstindən ən mühüm və düzgün qərar kimi qəbul edilməlidir”.


MANŞET XƏBƏRLƏRİ