“Süni intellekt artıq həyatın bir parçasıdır” - Üsküdar Universitetinin rektoru


Hər texnologiyanın faydalı və zərərli tərəfləri var. Əsas olan, onun faydalı tərəflərini düzgün istiqamətdə istifadə etməkdir.

Üsküdar Universitetinin rektoru, professor Nazife Güngörün müsahibəsini təqdim edirik:

-Üsküdar Universiteti psixologiya və neyroelm sahəsindəki qabaqcıl fəaliyyəti ilə tanınır. Sizcə, gənc nəslin ruhi sağlamlığını qorumaq baxımından psixologiya fakültəsinin ən vacib məsuliyyəti nədir?

-Universitet hər şeydən əvvəl bir təhsil müəssisəsidir. Buna görə də bir tərəfdən psixologiya sahəsində və digər ixtisaslarda cəmiyyətə keyfiyyətli mütəxəssislər, savadlı ziyalılar yetişdirməklə yanaşı, digər tərəfdən cəmiyyətdə mövcud olan bəzi problemlərə həll tapmaq məqsədilə elmi və sosial layihələr həyata keçirir. Yəni, universitet həm tədris müəssisəsi, həm də bir bilgi istehsalı mərkəzidir. Bu istehsal etdiyi biliklə həm cəmiyyətə dəstək olur, həm də mövcud problemlərin həlli və vəziyyətlərin yaxşılaşdırılması üçün davamlı şəkildə cəmiyyətlə birlikdə çalışır.

Üsküdar Universiteti də eyni prinsiplə həm tədris fəaliyyətini davam etdirir, həm də çox mühüm elmi və sosial layihələr həyata keçirir. Biz, eyni zamanda, cəmiyyətin önəmli fikir liderləri, qeyri-hökumət təşkilatları, bələdiyyələr və yerli qurumlarla da bir araya gələrək cəmiyyətin sosial problemlərini müzakirə edir və bu problemlərə necə həll yolları tapa biləcəyimizi birlikdə araşdırırıq.

Bunlardan biri də təbii ki, gənclərlə bağlı məsələdir. Bu gün gənclər təkcə Türkiyədə deyil, bütün dünyada həm böyük imkanlara sahibdirlər, həm də ciddi çətinliklərlə üzləşirlər. İnformasiya dövründə yaşayırıq – rəqəmsal texnologiyalar, internet, məlumat bolluğu… Bütün bunlar gənclərə çoxsaylı fürsətlər yaradır, lakin eyni zamanda onların psixoloji tarazlığını pozan amillərə də çevrilə bilir.

Çünki hər bir gənc əldə etdiyi imkanları və ya çatdığı bilgiləri eyni dərəcədə yetkinliklə, eyni balansla idarə edə bilmir. Bəzən həddindən artıq informasiya, düzgün yönləndirilmədikdə faydadan çox zərər gətirə bilir.

Ən ciddi məsələlərdən biri isə nəsillərarası ziddiyyətdir. Bizim cəmiyyətimizdə də bu özünü göstərir. Çünki bu günün gənclərinin valideynləri daha çox “manual” texnologiyalar dövründə doğulublar – o vaxtlar sadəcə radio və ya televiziya var idi. İndiki nəsil isə kompüter və rəqəmsal texnologiyalar içində böyüyüb. Buna görə də onlar texnologiyanı istifadə etməkdə, məlumata çıxışda daha bacarıqlıdırlar.

Bu bacarıq bəzən onlarda bir az özündənrazılıq, əvvəlki nəsillərin təcrübəsinə dəyər verməmək, onların məsləhətlərini dinləməmək kimi davranışlara səbəb olur. Bu isə nəsillər arasında uçurum yaradır. Halbuki biz bilirik ki, cəmiyyətin inkişafı nəsillərarası təcrübə və bilik ötürülməsi ilə mümkündür. Əgər bu ötürülmə olmazsa, mədəni davamlılıq pozular.

Hazırda “Z nəsli” adlandırılan gənclik rəqəmsal texnologiyalara bələddir, lakin bu, onların əvvəlki nəsillərin təcrübəsini dəyərləndirməməsinə gətirib çıxarır. Bu da mədəni dəyərlərin, ənənələrin davamlılığı baxımından təhlükə yaradır.

Digər tərəfdən, internet mühiti gənclərin üzərinə çoxsaylı məlumat axını gətirir. Hər tərəfdən informasiya gəlir və əgər bu məlumatı idarə edə bilməsək, onların bir çoxu zərərli ola bilər. Gənclərə bu informasiyanı süzgəcdən keçirməyi, faydalı bilgiləri seçməyi öyrətməliyik.

- Məncə, bir gənc bu fərqləri məktəbdə aldığı təhsil sayəsində ayırd edə bilməlidir. Yəni bir insan məlumatı necə qəbul edəcəyini, hansı bilginin özünə lazım olduğunu öyrənməlidir. Bunu məktəblərlə universitetlər arasında bir layihə şəklində həyata keçirmək mümkündürmü?

- Əlbəttə. Biz zaman-zaman orta məktəblərə, liseylərə gedərək şagirdlər üçün seminarlar keçiririk. Gənclərə, yeniyetmələrə – yəni universitetə gəlmədən əvvəlki yaş mərhələsində olan uşaqlara bu biliyi aşılamaq çox vacibdir.

Universitetimiz bir çox liseylərlə və Milli Təhsil Nazirliyi (MEB) ilə əməkdaşlıq edir. Türkiyədə MEB birbaşa universitetlərlə deyil, ilk və orta təhsil müəssisələri ilə məşğul olur, lakin biz bu məktəblərlə sıx əlaqədəyik.

Üsküdar Universiteti ilə MEB-in artıq on üç ildir davam edən birgə layihəsi var – “Elm və Fikir Festivalı”. Burada lisey şagirdlərindən müxtəlif mövzularda – ixtira, ekoloji təmizlik, sosial problemlər – elmi layihələr hazırlayıb bizə təqdim etmələri istənilir. Məqsəd gəncləri elmə, araşdırmaya, yaradıcı düşüncəyə yönəltməkdir.

Festivalda bütün layihələr toplanır, münsiflər tərəfindən dəyərləndirilir, ən yaxşıları mükafatlandırılır. Böyük bir bayram atmosferində keçirilən bu tədbir sayəsində şagirdlər daha liseydəykən universitet mühitini tanıyır, müəllimlərlə görüşür, elmi düşüncə formalaşdırırlar.

Beləcə, gəncləri düzgün bilgi mühitinə cəlb etməklə onları zərərli məlumatlardan uzaq tutmaq məqsədini güdürük. Bundan başqa, bələdiyyələrlə narkomaniyaya qarşı maarifləndirmə, ağız və diş sağlamlığı, gənclərin ətraf mühitə və təbiətə qarşı məsuliyyət hissinin artırılması kimi mövzularda birgə bir çox sosial layihələr həyata keçiririk.

Həftə əvvəlində İstanbuldakı əsas QHT-lərlə bir görüş keçirdik. Bu kimi toplantıları “ictimai töhfə layihəsi” adlandırırıq. Məqsəd – cəmiyyətdəki mühüm problemləri müzakirə edib onlara birgə həll yolları tapmaqdır.

Məsələn, daha əvvəl “Oxuyan Lisey – Oxuyan Universitet” adlı layihə həyata keçirdik. Kitab oxumağın əhəmiyyətini gənclərə aşılamağa çalışdıq. Çünki bu gün telefon və internet səbəbindən gənclər artıq kitab oxumağı unudublar. Halbuki kitab oxumaq insanın xəyal gücünü və yaradıcılığını artırır.

Məsələn, mənim uşaqlığımda biz radio dinləyirdik. Orada səsi eşidirdin, amma təsviri özün xəyal edirdin. İndi texnologiyalar uşaqları bu xəyal qurmaq bacarığından uzaqlaşdırır. Halbuki xəyal qurmayan uşaq yaradıcılıqda da geridə qalır.

- Süni intellekt və texnologiya sürətlə inkişaf edir. Üsküdar Universiteti bu dəyişimi necə qarşılayır?

- Hər texnologiyanın faydalı və zərərli tərəfləri var. Əsas olan, onun faydalı tərəflərini düzgün istiqamətdə istifadə etməkdir. Biz süni intellekt texnologiyalarını həm tədris prosesində, həm də universitetin idarəetmə sistemində geniş şəkildə tətbiq edirik.

Artıq universitetimizin veb səhifələrinin idarə olunmasında, tərcümə imkanlarında süni intellektdən yararlanırıq. Bundan əlavə, Süni İntellekt Mühəndisliyi üzrə magistr proqramımız fəaliyyət göstərir və yaxın zamanda bakalavr səviyyəsində də açmaq niyyətindəyik.

Demək olar ki, bütün fakültələrdə süni intellektlə bağlı fənlər tədris olunur. Çünki biz istəyirik ki, tibb tələbəsi də, kommunikasiya tələbəsi də bu texnologiya ilə tanış olsun. Süni intellekt artıq həyatımızın bir parçasıdır.

Bundan başqa, universitetdə bütün akademik və inzibati heyət üçün süni intellekt üzrə təlimlər, seminarlar keçirilir ki, hər kəs öz işində bu texnologiyadan maksimum səmərə ilə istifadə edə bilsin.

- Tələbələrin məzuniyyətdən sonra karyera imkanlarını genişləndirmək üçün universitet olaraq hansı layihələri həyata keçirirsiniz?

- Universitetimizdə Karyera Mərkəzi fəaliyyət göstərir və çox aktiv işləyir. Tələbə hansı sahədə oxuyursa-oxusun, onun staj keçəcəyi müəssisələrin seçimi, tətbiqi bu mərkəz tərəfindən təmin olunur.

Tələbələrimizin bir çoxu staj keçdikləri müəssisələrdə sonradan işə qəbul edilirlər. Bu, onlar üçün böyük fürsətdir. Bundan başqa, müxtəlif sektor və təşkilatlarla sıx əməkdaşlıq edirik, İŞKUR ilə də əlaqədəyik. Hər hansı bir sahədə işçi tələbi yarandıqda tələbələrimizi yönləndiririk.

Biz yüksək ixtisaslı mütəxəssislər yetişdirdiyimiz üçün məzunlarımız dövlət və ya özəl sektorda asanlıqla iş tapa bilirlər. Ən önəmlisi isə universitetin həmin qurumlarla davamlı əlaqədə olmasıdır.

Geridönüşlər də çox müsbətdir – məzunlarımızın işlədiyi yerlərdən çox yaxşı rəylər alırıq. Uğurlu məzunlar yeni məzunlara da yol açır, bir növ “network” sistemi kimi işləyir.

Əsas məsələ – cəmiyyətin, dövlətin və ya sektorun hansı sahələrdə ixtisaslı kadrlara ehtiyacı olduğunu müəyyənləşdirmək və tədrisi bu istiqamətdə planlaşdırmaqdır. Biz də təhsili elə bu ehtiyaclara uyğunlaşdırırıq.

Söhbətləşdi: Günel Yaz


MANŞET XƏBƏRLƏRİ