Zəngəzur dəhlizi ətrafında cərəyan edən geosiyasi proseslər Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Moskva bu layihənin bölgədəki mövcud status-kvonu poza biləcəyindən narahatdır və bu səbəbdən həm Azərbaycana, həm də Ermənistana müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışır.
Xüsusilə Rusiyanın Azərbaycana qarşı informasiya kampaniyasını gücləndirməsi, eləcə də Yekaterinburqda azərbaycanlılara qarşı baş verən təzyiqlər bu gərginliyin fonunda diqqət çəkir. Ekspertlər hesab edirlər ki, Kremlin bu mövqeyi təkcə Bakı ilə Moskva arasındakı münasibətləri deyil, bütövlükdə regiondakı balansı sarsıda bilər.
Turkustan.az olaraq mövzu ilə bağlı politoloq Samir Hümbətovla müzakirələr apardıq.
Samir Hümbətov
Bilirik ki, Rusiya Zəngəzur məsələsində istədiyinə nail ola bilməyib. 8 avqust anlaşması da açıq şəkildə Rusiyanı oyundankənar vəziyyətə salır. Tam şəkildə olmasa da, böyük dərəcədə Rusiyanın proseslərdən kənarda qalmasına səbəb olur.
Zəngəzur dəhlizi Rusiyanın nəzarətində deyil, ABŞ-ın və eyni zamanda Türk dövlətlərinin nəzarətindədir. Bu, artıq açıq şəkildə görünür.
Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı aqressiv mövqeyi və Azərbaycanın bu məsələdə açıq, prinsipial mövqedən çıxış etməsi göstərir ki, məsələ artıq həll olunub. 8 avqust anlaşması prosesləri dialoq və razılaşma müstəvisinə yönəldib. Dəhliz fəaliyyət göstərəcək və Azərbaycan bu yoldan maneəsiz istifadə edəcək. Bunu Paşinyan da etiraf etdi, anlaşmada da açıq şəkildə göstərilib, Azərbaycan tərəfi də ictimaiyyətə bildirib.
Rusiyanın xofu isə ondadır ki, onlar hesab edirlər ki, məsələ sırf Azərbaycanın razılığı ilə həll olunub. Halbuki burada Ermənistan ərazisi də var və Ermənistan da faktiki olaraq ABŞ-la razılığa gəlib. Rusiya isə Ermənistanı tam qıcıqlandırmaq istəmir, bu səbəbdən Azərbaycana qarşı bəhanələr axtarır.
Azərbaycan təyyarəsinin vurulması (25 dekabr) ardınca Rusiyadakı azərbaycanlılara qarşı ayrı-seçkilik və asimilyasiya siyasəti – bütün bunlar Rusiyanın qanunsuz hərəkətləridir və 22 fevral 2022-ci il Strateji Müttəfiqlik Anlaşmasının ruhuna ziddir. Azərbaycan tərəfi bu hərəkətləri adekvat qarşılayır, lakin Rusiya bunu qəbul etmək istəmir. Ona görə də təxribatlara əl atır.
Ancaq Rusiya unutmamalıdır ki, Azərbaycan nə Ukrayna, nə Gürcüstan, nə də Moldovadır. Azərbaycan kifayət qədər potensiala malik, müstəqil və güclü dövlətdir. Azərbaycanın Türkiyə, Pakista kimi əbədi və sarsılmaz müttəfiqləri var. Bununla yanaşı, Çinlə strateji tərəfdaşlıq münasibətləri, ABŞ-la əməkdaşlıq mövcuddur.
Yəni Azərbaycan Rusiyanın düşündüyü dövlətlər kateqoriyasında deyil. Azərbaycan kifayət qədər sağlam, güclü və ayaqüstə dayanan dövlətdir.
Aytən Yaşar/ Turkustan.az