Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gələcəyimizə Narkomaniya Girməsin” layihəsi çərçivəsində “Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda seminar təşkil edib.
QHT.az xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin anılması ilə başlayıb. Layihə rəhbəri, Ənənəvi karate-do üzrə fəxri bədən tərbiyəsi və idman işçisi, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqəddəs Əliyev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb. O qeyd edib ki, ötən əsrdə də mövcud olan narkomaniya problemi bu gün də qlobal təhlükələr sırasında qalmaqdadır. BMT-nin məlumatına görə, hazırda dünyada təqribən 250 milyon insan narkotik vasitələrdən əziyyət çəkir ki, bu da dünya əhalisinin 5 faizinə yaxındır. Narkotik vasitələr insan psixikasına təsir edərək asılılıq yaradır və cəmiyyət üçün ciddi təhlükə təşkil edir.
M. Əliyev vurğulayıb ki, hazırda ölkədə rəsmi statistikaya görə 34 min 650 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Lakin qeyri-rəsmi məlumatlara əsasən, bu rəqəm 180-200 min nəfər arasında dəyişir və əsas risk qrupu gənclər və qadınlardır. Seminarda Təhsil Respublika İdman Mərkəzinin məşqçisi Seymur Xudaverdiyev, həkim-narkoloq Sevinc Həsənova, Beynəlxalq Diaspor Mərkəzinin sədri, təqaüddə olan polis polkovniki İsmayıl Ağayev və digərləri çıxış edərək gənclər arasında narkomaniyanın və digər zərərli vərdişlərin yayılmasının təhlükələrindən bəhs ediblər, gəncləri daim ayıq-sayıq olmağa çağırıblar.
Tədbir çərçivəsində narkomaniya və QİÇS mövzularında videoçarx nümayiş etdirilib, müzakirələr aparılıb və suallar cavablandırılıb. Sonda Kaizen Təhsil Mərkəzinin direktoru Anar Fərmanov, Qara-Kaplan karate-do klubunun baş məşqçisi, beynəlxalq dərəcəli hakim Şahin Xudaverdiyev və Seymur Xudaverdiyev fəxri diplom və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.