Rusiya lideri Vladimir Putinin köməkçisi Vladimir Medinskinin ötən gün Ukraynada “sülhsüz atəşkəsi” Qarabağla müqayisə edib. Təbii ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də dərhal məsələyə reaksiya verib və öz etirazını bildirib.
Rusiya siyasətçiləri də vəziyyəti belə görüb, açıqlamalar verərək, əslində o cür demək istəmədiklərini bildirirlər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, mövcud olmayan tezisləri kontekstdən çıxarıb ətrafdakı sözləri dəyişməyə, onlara tamam başqa məna verməyə ehtiyac yoxdur.
Maraqlıdır görəsən, bu açıqlama Rusiyanın növbəti təxribatıdır? Rusiya niyə Qarabağı mübahisəli ərazi kimi düşünür? Turkustan.az olaraq mövzu ilə bağlı bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Medinskinin məlum açıqlaması uğursuz və qəbuledilməz bir açıqlamadır ki, bununla bağlı Azərbaycan XİN mövqeyini ifadə etdi. Təbii ki, bu cür açıqlamalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir. Zaxarova da bu açıqlamaya münasibət bildirərək, Rusiyanın mövqeyini ifadə etmədiyini bildirdi. Rusiya əslində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. BMT-nin məlum 4 qətnaməsində bu ərazilər Azərbaycanın ərazisi kimi qeyd edilib və heç bir sənəddə bu ərazilər mübahisələri ərazilər kimi yazılmayıb. Sadəcə olaraq Medinski Rusiyanın Ukraynadakı işğalına haqq qazandırmaq, atəşkəs rejimindən yayınmaq üçün müəyyən nümunələr gətirir ki, burada Qarabağın da adını çəkib. Rusiya hesab edir ki, vaxtilə Ermənistana təklif etdiyi variant alınsaydı, Qarabağ Ermənistanda qalacaqdı. Ermənistanın həmin planı qəbul etməməsi də Azərbaycana zaman qazandırdı və öz ərazi bütövlüyünü bərpa etdi. Rusiya da düşünür ki, Ukrayna ilə atəşkəs olarsa, Ukrayna güclənəcək və ərazilərini işğaldan azad edib, suverənliyini bərpa edəcək. Medinskinin açıqlaması da məhz buna yönəlib. Bütün hallarda bu yersiz və lazımsız bir bənzətmədir.
Aytən Yaşar/ Turkustan.az