İrəvan bunu Moskvadan yox, Bakıdan alacaq: Tbilisi də “hə” dedi – 30 il sonra İLK


Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik pulsuz tranzitinə razılıq verib. Məlumata görə, ölkəmizdən Ermənistana neft məhsullarının ixracı ilə bağlı 28 noyabrda keçirilən delimitasiya və demarkasiya komissiyalarının iclasında bu barədə razılıq əldə olunub.

Beləliklə, Azərbaycan Ermənistanın neft təchizatçısına çevrilir? İrəvan Bakı vasitəsilə Moskvanın təsirindən çıxmağa nail ola bilərmi? Bu addım həm Azərbaycan, həm də Ermənistan üçün nə vəd edir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, Ermənistan avqust ayında Azərbaycanla Vaşinqtonda keçirilən görüşdən sonra sülh gündəliyi ilə bağlı “ev tapşırıqlarını” yerinə yetirməyə başlayıb:

“Baş nazir Nikol Paşinyanın Kirants sakinləri ilə söhbəti və sərhəddə silahsızlaşdırma təklifi, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumundakı çıxışında Cənubi Qafqazda sülh çağırışlarının intensivləşdiyini vurğulaması Ermənistan üçün sülhün prioritet olduğunu göstərir. Hazırda Ermənistanın gündəmində daha vacib məsələ yoxdur. Daxili siyasi gərginliklərə baxmayaraq, əsas istiqamət məhz sülhdür.

Sülh təkcə şifahi mesajlarla deyil, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin güclənməsi ilə mümkün görünür. Məsələn, bir müddət əvvəl Qazaxıstan istehsalı olan məhsullar Azərbaycan üzərindən Ermənistana çatdırılırdı. İndi isə Azərbaycan neft məhsulları Gürcüstan vasitəsilə bu ölkəyə göndərilir. Bu, Ermənistanın son 30 ildə buraxdığı siyasi səhvlərin ardından son 5 ildə əldə etməyə çalışdığı imkanlardandır.

İrəvan bunu Moskvadan yox, Bakıdan alacaq: Tbilisi də "hə" dedi - 30 il sonra İLK
Elnur Ənvəroğlu

Yaxın zamanda tərəflər arasında delimitasiya üzrə növbəti danışıqlar keçirildi, bu məsələ sülh prosesində prioritet sayılır. Ermənistan sərhədlərinin dəqiq müəyyən olunmasını və suverenliyinin tanınmasını istəyir. Bu istiqamətdə ortaq anlayış formalaşır.

Gürcüstanın dəstəyinə gəlincə, məqsəd Cənubi Qafqazda inkişaf və əməkdaşlığı gücləndirməkdir. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması həm regionu xarici təsirlərdən qoruyur, həm də təhlükəsizlik mühitinin möhkəmlənməsinə şərait yaradır. Gürcüstanın bu istiqamətdəki dəstəyi təqdirəlayiqdir”.


MANŞET XƏBƏRLƏRİ