Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə qədəm qoyduqca, sülh masasında müzakirələr cəbhə xəttindəki döyüşlərdən daha gərgin hala gəlib.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamaları göstərir ki, ABŞ-ın liderliyi ilə irəli sürülən yeni "sülh planı" Kiyev üçün atəşkəsdən daha çox nəzarətli geri çəkilmə və siyasi yenidənqurmanı təmsil edir. Vaşinqtonun tələb etdiyi güzəştlər Ukraynanın müharibə boyu qoruduğu "ərazi bütövlüyü"nə sadiqliyini faktiki olaraq dayandırır.
Zelenskinin sözlərinə görə, ABŞ-ın davamlı olaraq qaldırdığı iki əsas məsələ var: Ukrayna ordusunun Donbassdan çıxarılması və Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasının gələcəyi. Lakin bu məsələlər sadəcə texniki danışıqlar nöqtələri deyil; onlar Ukraynanın suverenliyi, müharibənin siyasi nəticəsi və Zelenskinin hakimiyyətdəki gələcəyi ilə birbaşa əlaqəli strateji həddlər kimi qəbul edilir.
ABŞ-ın irəli sürdüyü plana əsasən, Ukrayna ordusu Donetsk bölgəsində hələ də nəzarətində olan ərazilərdən geri çəkiləcək. Bu əraziyə "azad iqtisadi zona" və ya "silahsızlaşdırılmış bufer zonası" statusu veriləcək. Kağız üzərində bu formul münaqişəni dondurmağı hədəfləyir; lakin Kiyevdəki hərbi və diplomatik dairələr bunun Rusiyanın faktiki qazanclarını təsdiqləyən müvəqqəti bir həll yolu olduğunu qeyd edirlər.
Aytən Yaşar/ Turkustan.az