Ticarət sahəsində alıcıların hüququnun pozulması hələ də ciddi problem olaraq qalır.
Qızıl alışı zamanı bir çox ticarət obyektində satış qəbzinin verilməməsi vətəndaşlar arasında ciddi narazılıq yaradır. Moskva Univermağı, Laçın Ticarət Mərkəzi, Mərkəzi Unvermaq və Gənclik Univermağı kimi mərkəzlərdə satıcıların satış zamanı fiskal çek təqdim etməməsi alıcıların hüquqlarını risk altına atır.
Bu cür hallarda vətəndaş qızılın tərkibi, keyfiyyəti ilə bağlı sonradan problem yaşadıqda, həmin məhsulun hansı mağazadan alındığını sübut etməkdə çətinlik çəkir. Qızıl satışı zamanı satıcılar niyə qəbz verməkdən yayınır?
Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qızıl satışı zamanı satıcıların qəbz verməməsi vergidən yayınma deməkdir:

“Vətəndaşın hüququdur ki, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edib bu barədə məlumat versin. Nazirlik də daxil olan şikayət əsasında müvafiq qurumlarla birlikdə tədbir görməlidir. Azərbaycan qanunvericiliyinə görə, satış zamanı çekin verilməməsi qadağandır və bu, maddi məsuliyyət yaradır. Bu pozuntuya görə böyük məbləğdə cərimə nəzərdə tutulur. Eyni zamanda, vətəndaş da aktiv olmalı, öz hüquq və haqlarını qorumalıdır”.