Rövşən Yerfi
Bu il məndən bir əsr – yüz il əvvəl dünyaya gələn Səkinə Axundzadənin anadan olmasının 160 ili tamam olur. Xeyli vaxt olar doğum illərimizdəki 65 rəqəmi məndə ona qarşı izahedilməz yaxınlıq hissi yaratdığı üçün haqqında yazılanları bir daha xatırlamağı qərara aldım.
Səkinə Axundzadə - müəllim, tanınmış maarif və teatr xadimi, Azərbaycan dilində ilk pyes, roman, dərslik yazan qadındır. Şair Mirzə Heybət Axundzadənin qızı olan Səkinə xanım deyilənlərə görə Qubada yaşayan Bakıxanovlar, Camo və Mehdi Hacınskilərlə də qohumluğu varmış. İbtidai təhsilini Qubada alan Səkinə xanım ərəb və fars dillərini də mənimsəyibmiş. Otuz beş yaşinda Bakıya köçəndən sonra, o, Hacı Zeynalabdin Tağıyevin dəvətilə Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir.
1904-cü ildə Tağıyev məktəbinin səhnəsində ilk pyesi sayılan “Elmin bəhrəsi” tamaşaya qoyulmuşdur. Pyesdə Şərq müsəlman təhsili alanla, Avropa təhsili alan ailə üzvləri arasındakı ziddiyyətlərdən danışılır. Əsər “Anamın kitabı”nı xatırlatsa da, ondan iyirmi il əvvəl yazılıb. Cəlil Məmmədquluzadə bu mövzunu daha da genişləndirib mükəlləşdirməyə nail olub.
O, təkcə pyeslər yazmamış, rejissorluq da etmişdir. Qızlar Məktəbinin səhnəsində öz əsərlərindən başqa Ü.Hacıbəylinin, N.Vəzirovun, S.Qənizadənin pyeslərinin tamaşalarını da hazırlamışdı. “Kaspi” qəzetinin 19 dekabr 1915-ci il sayında yazılmışdı ki, “Aleksandr adına rus-tatar qız məktəbinin müəllimi Səkinə xanılm Axundzadə müəllimlikdə göstərdiyi fəaliyyətinə görə “Aleksandr lentası” döş nişanı ilə təltif edilmişdir” (“Məqalələr və roman” kitabı, S.Axundzadə, Bakı, BDU, 2005).
Səkinə xanımın yaradıcılığı və teatr fəaliyyəti haqqında böyük salnaməçi Qulam Məmmədli bir çox məqalələr yazmışdır. Onu səhnəmizin ilk qönçəsi, iftixarı adlandırmışdır (“Unudulmaz səhnə ustaları” kitabı, Bakı, “Yazıçı”, 1981).
İlk qadın dramaturqmuzun qələmə aldığı beş pyesdən biri – “Gəlin və qaynana” komediya janrındadır. Qulam Məmmədli məqalələrinin birində bu pyes haqqında danışarkən 21 dekabr 1917-ci il tarixli “İttihad” qəzetində dərc edilmiş “M.xanım” imzalı bir müəllifin yazdığı məlumata istinad edir: “Gəlin və qaynana” iki pərdəli komediyadır. Burada qaynana ağır xasiyyətli, xəbərçi bir xanım olub, daim gəlindən narazı olur. Oğlu ilə gəlini arasında təfriqə yarada bilməsə də, xəbərçiliyindən əl çəkmir, həmişə gəlinini məzəmmət edir, yeri gəldikcə öz cavanlığından danışır, gələcəyi haqqında falçılara müraciət edib taleyini soruşur.”
Bu halı görən gəlin ikinci pərdədə atasının zövcəsiz, qaynanasının da ərsiz olduğunu bəhanə edərək onları evləndirməyi əri ilə bərabər öz aralarında sözləşirlər. Qaynana bir çox narazılıqdan sonra razılaşır və komediya toyla bitir (Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 218, siyahı 4, sax.vah.4).
Heç şübhəsiz, aktyor, əməkdar artist Məcid Şamxalov(1907-1984) “Qaynana” (1964) tamaşasını yazarkən Səkinə xanımın “Gəlin və qaynana” pyesinin birinci pərdəsindən ən azından təsirlənmişdir.
Səkinə xanımın pyesləri 1916-1922-ci illərdə Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə kimi sənətkarların iştirakı ilə Bakı, Gəncə, Tiflis, Lənkəran teatrlarında dəfələrlə nümayiş etdirilmişdir. O, ömrünün axır illərində xəstələndiyi üçün Qubaya qayıtmış və 1927-ci ildə vəfat etmişdir.
O, ömürboyu heç zaman siyasətə qarışmamış, yalnız maarifləndirici əsərlər yaratmışdır. Buna baxmayaraq, təəssüf ki, illər sonra, qardaşı İbrahimin qızı Reyhan Topçubaşova tərəfindən guya, repressiyadan ehtiyatlanaraq yaradıçılığı ilə bağlı hər şey yandırılmışdır.
Qubadakı əlyazmaları yandırılsa belə, necə ola bilər ki, uzun illər neçə-neçə şəhərlərdə tamaşaları qoyulan bu pyeslərdən teatrların arxivlərində bir nişanə nüsxə qalmasın?.. Axı, o, nə vətən xaini, nə də xalq düşməni deyildi, sadəcə Qubada doğulan qadın dramaturq idi...
Nə yaxşı ki, ruhu şad olsun, filologiya elmləri doktoru Nazif Qəhrəmanlı 2005-ci ildə Səkinə xanımın 140 illiyinə həsr olunan “Məqalələr və roman” adlı kitabı tərtib edərək nəşr etdirmişdir. Yazıçının 1913-cü ildə opera üçün yazsa da, niyyəti alınmadığından, 1918-ci ildə şərti olaraq roman adlandırıb (təqribən otuz səhifə həcmində) çap etdirdiyi “Şahzadə Əbülfəz və Rəna xanım” əsəri, məhz Nazif Qəhrəmanlının səyi ilə əski əlifbadan latın qrafikasına uyğunlaşdırılıb aşkara çıxarılmışdır.
Səkinə xanım “Şahzadə Əbülfəz və Rəna xanım” əsərinin ön sözündə belə yazmışdır: “Hər millətdə kişilərdən olduğu kimi məşhur şair və ədib xanımlar vardır. Oxumuş qadınlarımız get-gedə artmaqdadır. Lakin bu vaxtadək bir kəs olmadığı üçün onlar yazmağa çəkinirlər. Onlara bir yol açmaq məqsədilə bu romanı layiq olmasa da yazıb meydana qoyuram. Əsərimdə bir səhv və xəta olursa, əfv edin”.
İki il sonra, 2027-ci ildə Səkinə xanımın ruhunun dünyamızdan ayrılmasının yüz ili tamam olacaq. O, yaşadığı ömürdə xalqının maariflənməsi naminə bacardığını etdi. İndi yaradıcılığının tədqiqinin, təbliğinin edilib-edilməməsinin onun üçün heç bir fərqi yoxdur. Fərqi və xeyri bir böyük ziyalı qadın nümunəsi kimi bizim üçün, gələcək nəsillərimiz üçündür...