Onkoloq: “Yüz faiz sağalma şansı o zaman olur ki...”
Rusiya Elmlər Akademiyasının Qamaleya Epidemiologiya və Mikrobiologiya Mərkəzi xərçəng xəstəliklərinə qarşı hazırlanan ilk test peyvəndlərinin üç seriyasını istehsal edib. Musavat.com xəbər verir ki, məlumata görə, yeni preparatlar mRNT texnologiyası əsasında hazırlanıb və bu sahədə Rusiyada ilk belə genişmiqyaslı klinik yönümlü layihə hesab olunur.
Mərkəzin direktoru bildirib ki, artıq diaqnostikadan tutmuş mRNT-nin istehsalına və xəstələrdə tətbiqinə qədər bütün icazə sənədləri əldə edilib: “Texnologiyanın istifadəsi üçün tam icazə paketi təsdiqlənib. Bu, həm diaqnostika, həm də mRNT-nin xəstələrdə tətbiqi daxil olmaqla bütün mərhələləri əhatə edir”.
Qeyd olunur ki, peyvənd son üç il ərzində intensiv şəkildə sınaqdan keçirilib. Təkrar olunan çoxsaylı doklinik sınaqlar təhlükəsizlik və effektivlik baxımından müsbət nəticələr verib. Hazırda layihə klinik mərhələyə keçmək üzrədir və Rusiya elmi dairələri bunu onkoloji xəstəliklərlə mübarizədə yeni mərhələ kimi qiymətləndirirlər.
Yeniliyin xərçəngin müalicəsində əhəmiyyəti nədir? Azərbaycan təzə peyvənddən sifariş edəcəkmi?
Məlumat üçün bildirək ki, bu günə qədər xərçənglə bağlı iki tip peyvənd mövcuddur: xəstəliyin qarşısını alanlar və artıq yaranmış xərçəngi müalicə etməyə çalışanlar. Xərçəngin qarşısını alan peyvəndlər arasında ən uğurluları HPV və Hepatit B peyvəndidir. HPV peyvəndi serviks, anal, ağız-boğaz və digər HPV ilə əlaqəli xərçənglərin riskini çox ciddi şəkildə azaldır və bütün dünyada ən effektiv xərçəngə qarşı müdafiə vasitələrindən biri sayılır. Hepatit B peyvəndi isə hepatit B virusunun yaratdığı qaraciyər xərçənginin qarşısını alır və on illərdir yüksək uğurla tətbiq olunur. Müalicə məqsədilə hazırlanan xərçəng peyvəndləri isə daha mürəkkəb sahədir. Bunlardan bəziləri təsdiqlənib və məhdud da olsa fayda göstərib. Məsələn, T-VEC adlı onkolitik virus əsaslı peyvənd melanomanın bəzi növlərində istifadə olunur və bəzən şişin ölçüsünü kiçildə bilir. Sipuleucel-T (Provenge) isə prostat xərçənginin irəliləmiş mərhələlərində xəstənin öz immun hüceyrələrindən hazırlanır və həyat müddətini bir qədər uzatdığı üçün FDA tərəfindən təsdiqlənib. Buna baxmayaraq, bu peyvəndlərin heç biri xərçəngi tamamilə aradan qaldıran müalicə sayılmır.
Müalicəvi xərçəng peyvəndlərinin çox böyük hissəsi ya sınaqlarda uğursuz olub, ya da gözlənilən təsiri verməyib. Məsələn, MAGE-A3 peyvəndi melanoma və ağciyər xərçəngi üçün böyük ümidlər yaratsa da, son mərhələ sınaqlarda təsir göstərmədiyi üçün dayandırılıb. GVAX adlı müxtəlif peyvəndlər pankreas və prostat xərçəngi üçün sınaqdan keçirilsə də, effektiv olmadığına görə davam etdirilməyib. Telomeraza əsaslı peyvəndlər və müxtəlif peptid peyvəndləri də oxşar şəkildə uğur qazanmayıb. Kuba mənşəli CimaVax peyvəndi bəzi ölkələrdə istifadə olunsa da, effektivliyinin yetərli sübutu olmadığı üçün beynəlxalq səviyyədə təsdiq almayıb.
Son illərdə isə yeni nəsil peyvəndlər üzərində ciddi araşdırmalar aparılır. Xüsusilə mRNA texnologiyasına əsaslanan fərdiləşdirilmiş xərçəng peyvəndləri böyük ümid verir. Bu yanaşmada hər bir xəstənin şişinə məxsus mutasiyalar təhlil edilir və immun sistemini həmin mutasiyalara qarşı yönəltmək üçün xüsusi peyvənd hazırlanır. Onkolitik viruslar və neoantigen peyvəndləri də hazırda aktiv tədqiqat mərhələsindədir və ilkin nəticələr gələcək üçün nikbin görünür.
Ümumilikdə, bu günə qədər ən uğurlu xərçəng peyvəndləri yalnız virusların yaratdığı xərçənglərin qarşısını alan peyvəndlər olub. Xərçəngi müalicə edən peyvəndlər sahəsində isə böyük ümidlər olsa da, hələ geniş miqyasda uğur əldə edilməyib. Buna baxmayaraq, yeni texnologiyalar bu sahənin yaxın gələcəkdə dəyişə biləcəyini göstərir.

Fərid Müseyibov
Onkoloq, fəlsəfə üzrə fəlsəfə doktoru Fərid Müseyibov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Yalnız Rusiyada deyil, istər Avropa ölkələri, istər Amerika Birləşmiş Ştatları, istərsə də digər ölkələr olsun - hamısı bu xəstəliklə bağlı geniş araşdırmalar aparır, müxtəlif çalışmalar həyata keçirirlər ki, xəstəliyin qarşısını almaq və mümkün müalicə metodlarını işləyib hazırlamaq mümkün olsun. Amma hələlik tam effektiv, xəstəliyin tam sağalmasına səbəb olacaq dərman preparatı yaradılmayıb. Bunun əsas səbəbi isə xəstəliyin yaranma mexanizminin dəqiq bilinməməsidir. Çünki burada çoxsaylı faktorlar rol oynaya bilər: qidalanma, tütün məmulatlarından istifadə, alkoqollu içkilərin qəbulu, müxtəlif virus xəstəlikləri, travmalar, hormonal balansın pozulması və digər amillər onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilən risk faktorları hesab olunur.
İlk öncə onu qeyd etmək lazımdır ki, əgər xəstə birinci-ikinci mərhələdə müraciət edərsə, istər Rusiyada olsun, istər digər ölkələrdə, istərsə də bizim ölkəmizdə tam yüzdə yüz sağalma şansı vardır və xəstələrimiz də sağalırlar. Peyvənd məsələsinə gəldikdə isə, ümumiyyətlə, peyvəndlərin bəzi xəstəliklərin qarşısının alınmasında müsbət təsiri mövcuddur. Məsələn, qaraciyər xərçənginin yaranmasına səbəb olan Hepatit B virusu ön sıradadır. Təbii ki, bu virusa qarşı peyvənd mövcud olduqda, xəstəliyin qarşısının alınmasına çox müsbət təsir göstərir. Bu peyvənd bizim ölkəmizdə də tətbiq olunur".
Həkim digər digər məqama da toxunub: “Uşaqlıq boynu xərçənginin yaranmasına səbəb olan HPV virusudur. Bu virusa qarşı peyvənd də ölkəmizdə aparılır və Milli Onkoloji Mərkəzində yüksək keyfiyyətlə tətbiq edilir. Təbii, dediyim kimi, bu cür elmi araşdırmaların aparılması çox müsbət haldır. Amma tam olaraq klinik mərhələyə keçməsi, yəni xəstəliyin bütün növləri üçün peyvəndlə effektiv müalicə üsullarının tapılması hələlik sual altındadır. Çünki bunun üçün çox sayda tədqiqatlar aparılmalıdır. İlk olaraq eksperimental çalışmalar heyvanlar üzərində aparılır, daha sonra insanlar üzərində tətbiq olunur. Ümid edək, yaxın gələcəkdə digər xəstəliklərdə olduğu kimi, onkoloji xəstəliklərin də yüzdə yüz müalicəsinə nail olmaq mümkün olar”.