Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 2025-ci ili “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan etməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak edib.
Turkustan.az xəbər verir ki, Prezident Türkmənistanın inkişafı və çiçəklənməsi üçün Türkiyənin üzərinə düşən məsuliyyəti yerinə yetirməyə daim hazır olduğunu vurğulayıb. O bildirib:
“Qlobal miqyasda qeyri-müəyyənliklərin, münaqişələrin və zəifliklərin artdığı bir dövrdə beynəlxalq dialoq, əməkdaşlıq, etimad və sülhün möhkəmləndirilməsi üçün öz töhfəmizi verməliyik. Türkiyə olaraq, tariximizin, coğrafiyamızın və sivilizasiyamızın bizə yüklədiyi məsuliyyətin fərqindəyik və sülhün, dialoqun hökm sürməsi üçün bütün gücümüzlə çalışırıq.”
Ərdoğan yaxşı qonşuluq münasibətlərini gücləndirərək bölgədə sülh və təhlükəsizlik zonası yaratmaq üçün fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Prezident, qədim əlaqələrə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə malik olduqları şimal qonşuları Rusiya və Ukrayna arasında müharibənin tezliklə başa çatmasının ən səmimi arzuları olduğunu bildirib. O əlavə edib:
“Atəşkəs və sülhə yönəlmiş diplomatik təşəbbüslərə, xüsusilə də İstanbul Prosesinə konkret dəstək verməyə hazırıq.”
Aytən Yaşar/ Turkustan.az