“Qarabağ” – “Ayaks” matçında xoşagəlməz görüntü


Məlum olduğu kimi, yağışlı hava və gecə saatları olmasına baxmayaraq, təxminən 30 min azarkeş “Qarabağ” – “Ayaks” matçını izləmək üçün Tofiq Bəhramov adına Respublika Stadionuna gəldi. Lakin komanda geriyə düşdükdən sonra əksər azarkeşlər oyunun bitməsini gözləmədən stadionu tərk etdilər.

Azarkeşlərimizin məğlubiyyət zamanı stadionu tez tərk etməsinin səbəbi nədir? Bundan başqa, 1500 nəfərlik “Ayaks” azarkeşi bizim 30 min nəfərimizdən daha aktiv idi. Bunun səbəbləri nələrdir?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, əslində, komanda dördüncü qolu buraxanda bəzi azarkeşlər tribunaları tərk etməyə başlayıb:

“Bu da çox kiçik bir qrup idi. Qol vurulduğu vaxt artıq artırılmış dəqiqələr gedirdi və oyun bitmək üzrə idi. Azarkeşlərin narazılığını isə anlamaq olar. Çünki yağışlı, soyuq havada, çətin şəraitdə komandanı tək qoymadılar, 90 dəqiqə yanlarında oldular. Son 3-5 dəqiqədə stadionu tərk etmələrini də anlayışla qarşılamaq lazımdır. Bu, hər zaman baş verən bir hal deyil. Təbii ki, idealda azarkeş sona qədər qalmalı və komandasına dəstək olmalıdır. Amma hesab edirəm ki, məhz “Ayaks”la keçirilən oyunda “Qarabağ” azarkeş dəstəyindən narazı qala bilməz. İnsanlarımız görüşün sonuna qədər komandaya mənəvi dayaq oldular”.

“Ayaks” azarkeşlərinə gəlincə, ekspert bildirib ki, bu, əslində müzakirə mövzusu deyil:

“Avropada azarkeşlik mədəniyyəti artıq uzun illərdir formalaşıb. Bizdə isə bu proses yeni-yeni inkişaf edir. Bunun səbəblərindən biri də odur ki, “Qarabağ” FK ölkədə ümumi şəkildə hər kəsin azarkeşlik etdiyi klubdur. Sadəcə, “Ayaks” azarkeşlərinin daha gur səslə eşidilməsi onların eyni sektorda cəmləşməsi ilə bağlı idi. “Qarabağ” azarkeşləri də çox yaxşı dəstək göstərirdilər. Fanklub səviyyəsində “Ayaks”dan geri qalmadıq, sadəcə ümumi tribuna baxımından üstünlüyü 30 minlik arenada hiss etdirmək çətin idi. Çünki stadiona gələnlərin hamısı sırf “Qarabağ”ın fanatı deyil, çoxu ümumilikdə Azərbaycan futbolunu dəstəkləmək üçün gələn tamaşaçılardır. Ona görə də 30 min nəfərin fasiləsiz şəkildə “Ayaks” azarkeşləri kimi mahnılar oxumasını və ritmik dəstək verməsini gözləmək doğru olmaz”.

Kənan Məstəliyevin fikrincə, ümumilikdə Azərbaycanda azarkeş problemi mövcuddur:

“Avrokubok oyunlarına maraq böyükdür, amma çempionat matçlarına eyni maraq göstərilmir. Bunun müxtəlif səbəbləri var. Lakin hesab edirəm ki, “Qarabağ”-“Ayaks” matçında azarkeşlərimizin dəstəyi kifayət qədər yaxşı səviyyədə idi”.


MANŞET XƏBƏRLƏRİ