Şəkidə "Muğam Ruhun Qidasıdır" mövzusunda tədbir keçirildi


“Daş ürəklərdə yanıb daşları sındırdı Muğam,
Haqqa düşmən olanı Haqqa tapındırdı Muğam...”

“Narınqala” folklor evi Şəkimizin ən gözəl, ən ehtişamlı bir yerində qərarlaşıb. Bütün dünyada öz gözəlliyi, əsrarəngizliyi ilə məşhur olan Şəki Xan Sarayının lap yaxınlığında yerləşən bu folklor sarayında keçirilən bir-birindən gözəl, yaddaqalan tədbirləri təkcə Şəkinin yerli sakinlərinin deyil, xaricdən və ölkəmizin bütün regionlarından gəlmiş qonaqların da sevgi ilə izləmək imkanı tapdığını qeyd etmək olduqca xoşdur. Çünki bu halda Şəki mədəniyyətinin, incəsənətinin, insanlarının istedad və qabiliyyətlərinin, səmimiyyət və qonaqpərvərliklərinin, ləhcə şirinliyinin də şahidi ola bilirsən. Bu dəfə də belə oldu...

Beynəlxalq Azərbaycan Muğam Günü ərəfəsində Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala Folklor Evi və Məmməd Sadıq Əliyev adına Şəki şəhər Diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə "Muğam ruhun qidasıdır" mövzusunda tədbir keçirildi. Olduqca gözəl bir məkanda - “Narınqala” folklor evinin füsunkar həyətində, açıq havada təşkil olunan tədbirdə muğamsevərlər - mədəniyyət işçiləri, qazilər, şəhər sakinləri və turistlər iştirak edirdilər.

Tədbirin aparıcısı - “Narınqala” folklor evinin bədii rəhbəri Günay Məmmədova muğam sənətinin tarixi zənginliyi haqqında məlumat verərək, Azərbaycan muğamının inkişaf yollarından danışdı, dövlətimizin muğam sənətinə olan diqqət və qayğısını təqdir etdi. Şair-alim Qiymət Məhərrəmlinin Muğam sənətimiz və ümumiyyətlə Vətən məhəbbəti, Vətən sevgisi ilə bağlı çıxışı, söylədiyi şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. 44 günlük Vətən Müharibəsinin veteranı Anar Sabitlinin, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilovun çıxışı, Bəxtiyar Vahabzadənin məşhur “Muğam” poemasından gənc mədəniyyət işçisi Yasin Məmmədovun səsləndirdiyi qəzəl tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

İstedadlı musiqiçilərin ifasında sevilən muğamlarımız, xalq və bəstəkar mahnılarımız səsləndi. Tədbirə qatılan iştirakçıların xalq musiqilərimizin xoş sədaları altında rəqsi və muğam ifalarına qoşulmaları qəlbləri riqqətə gətirirdi.

Şəhərin yuxarı başından səslənərək dalğa-dalğa bütün Şəkimizə yayılan bir-birindən gözəl muğam və xalq mahnılarımızın ifaçıları - tanınmış xanəndə Kəmalə Musayeva, gənc istedadlardan - şəhər 3 saylı musiqi məktəbinin şagirdi Rəmil Əyyubov və 4 saylı musiqi məktəbinin şagirdi Elvin Məmmədov bənzərsiz ifaları ilə Muğam Gününün iştirakçı və tamaşaçılarına unudulmaz anlar bəxş etdilər. Muğam ifaçılarını ustad musiqiçilərdən Nurəddin Həmidov (kamança), Dursun Əyyubov (tar), Rüstəm Xəlilməmmədov (kamança) böyük sənətkarlıqla müşayiət etdilər.

Sonda “Narınqala” Folklor evinin direktoru Zeynəb Qafarova Beynəlxalq Muğam Günü münasibətilə keçirilən tədbirin yüksək səviyyədə baş tutmasında əməyi olan hər kəsə, xüsusilə də qonaqlara öz dərin minnətdarlığını bildirdi.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ