AMEA-ın Mərkəzi Elmi Kitabxanasının və SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli alim, pedaqoq, ictimai xadim, professor Valeh Hacıların 75 illik yubileyi keçirilib.
Tedbiri giriş sözü ilə SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı açaraq, Valeh müəllimin yubileyi nin öncə Gürcüstanın paytaxtı Tbilisi şəhərində qeyd olunduğunu bildirdi.
Ulu Öndər Heydər Əliyevin " Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" kəlamından sonra, Valeh Hacıların Dünya Azərbaycanlıların birinci qurultayındakı çıxışı təqdim olundu.
Akademik Nizami Cəfərov ilk tanışlıqdan, elmi fəaliyyətindən, "Ədəbiyyat" qəzetinin əməkdaşı kimi Tiflisə səfəri zamanı Valeh Hacıların böyük nüfuza malik olduğunu bildirdi.
Milli Məclisin deputatı Hikmət Babaoğlu elmi və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən danışdı.
Təklif etdi ki, Azərbaycanda elmi - tədqiqat institutlarının birində Valeh Hacıların yaradıcılığına həsr olunmuş dissertasiya işi müdafiə olunsun, onun irsi, elmi fəaliyyəti geniş təqdim olunsun.
Əməkdar incəsənət xadimi İsmayıl Ömərov Valeh Hacıların Gürcüstanda anadan olduğunu və ömrünün sonuna kimi orada yaşayıb - yaratmasının nümunə olduğunu bildirdi.
Professor Nəsib Nəsibli Valeh Hacıların yeri hər zaman görünüb və görünəcək sözləri ilə çıxışına başladı.O , bu gün sağ olsaydı, problemlərin həlli istiqamətində mühüm işlər görüləcəkdir.
Professorlar Rüstəm Kamal, Bədirxan Əhmədov, İlahiyyat institutun rektoru Aqil Şirinov, Xəzər Klinikasının baş həkimi İlqar Yusubov, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və tələbələri adından, dosent Razim Məmmədli çıxış edərək, xatirələrini bölüşüblər.
Sonda ailəsi adından, oğlu, tarix elmləri doktoru Fəxri Hacılar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Yubileydə, tanınmış elm xadimləri, ictimaiyyət və media nümayəndələri, tələbələri, ailə üzvləri iştirak edirdilər.