AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Çilənay Hüseynovanın “Bəstəkar Faiq Sücəddinovun mahnı yaradıcılığı” adlı məqaləsi Türkiyənin Genç Bilge Yayıncılık elmi jurnalında çapdan çıxıb.
Məqalədə Azərbaycanın görkəmli bəstəkarı Faiq Sücəddinovun mahnı yaradıcılığından bəhs edilir. Faiq Sücəddinovun mahnı yaradıcılığında xarakterizə edilən bir çox faktorlar məqalədə qeyd edilmişdir. Bəstəkarın həm mahnıları, həm də instrumental əsərlərinin adları burada vurğulanır. Bundan başqa, məqalədə Faiq Sücəddinovun simfonik və kamera yaradıcılığından da söhbət açılır. Onun meloman və lirik bir bəstəkar olması barədə məlumatlar məqalə boyu qırmızı bir xətt kimi keçir.
Sözügedən məqalədə Azərbaycanın ən tanınmış və görkəmli sənət adamlarının, ustad sənətkarların, Xalq artistlərinin ifasında Faiq Sücəddinovun mahnı və eləcə də digər janrda yazdığı əsərlərin adları çəkilir. Müasir dövrümüzdə gənc ifaçıların da məhz bu bəstəkara müraciəti vurğulanır. Bir gənc bəstəkar və ifaçı kimi mən də bu böyük bəstəkarla bir çox layihəyə imza atmışam. Məqalədə bəstəkarın Kiprdə çalışdığı illərdə həyata keçirdiyi bir çox önəmli layihələrdən söhbət açılır. Məqalədə onun instrumental ifalarından da söhbət açılır.
“Bəstəkar Faiq Sücəddinovun mahnı yaradıcılığı” adlı elmi məqalədə illüstrativ şəkillərdən istifadə edilmişdir. Şəkillərin əksəriyyəti müəllifin şəxsi kolleksiyasından qaynaqlanır.