Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində nəşr olunub


Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın dahi şairi, Türk dünyasının görkəmli mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşri layihəsi həyata keçirilir.
Bu layihə çərçivəsində “Xəmsə”yə daxil olan əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsini Türkiyənin Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilir.
Mərkəzdən verilən məlumata görə, layihənin növbəti nəşri olaraq dahi şairin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində Ankarada çap olunub. Yeni nəşr Nizami irsinin Türkiyə oxucularına daha geniş şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Kitaba yazdığı “Ön söz”də tərcüməçi alimin fikrincə, Nizami Gəncəvi Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyət tarixində müstəsna yerə malik parlaq şəxsiyyətdir. Vurğulanıb ki, “Leyli və Məcnun” əsəri ilə şair Şərqin möhtəşəm məhəbbət dastanını bədii kamilliklə qələmə alıb.
Ön sözdə, həmçinin qeyd edilir ki, dahi şairin doğulduğu qədim Gəncə şəhəri orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqin mühüm elm, ədəbiyyat və mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Şair ömrünün böyük hissəsini bu şəhərdə yaşamış, yaratdığı misilsiz əsərlərlə dünya poeziyasına əvəzsiz töhfələr verib.
Qeyd edək ki, klassik Azərbaycan ədəbi irsinin təbliği məqsədilə indiyədək “İskəndərnamə” və “Sirlər Xəzinəsi” əsərləri də Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.
Yeni nəşr 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq, daha sonra isə Türkiyənin aparıcı kitabxanalarına, mədəniyyət mərkəzlərinə, elmi-tədqiqat və təhsil müəssisələrinə hədiyyə ediləcək.


MANŞET XƏBƏRLƏRİ