Ötən il Azərbaycanda 96062 uşağın doğumu qeydə alınıb.
Uşaqlardan 45024-ü qız, 51038-i isə oğlandır.Qeyd edək ki, 2024-cü ildə ölkədə 102961 uşaq doğulub. Uşaq doğumunda özünü göstərən bu azalma müxtəlif sahələrdə problemlərə gətirib çıxaracağı deyilir.
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin iclasında bildirib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.
O bildirib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaqdır. Bu isə 50 minə yaxın müəllimin ixtisarı risklərini yaradır.
2015-ci ildə ölkədə ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışırdısa, bu göstərici son illərdə 130 minin altına enib.Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, amma 2024/2025-ci ildə 120 633 nəfərə enib.
Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb. Beləliklə, son üç tədris ili ərzində həm qadın, həm də kişi müəllimlərin sayında azalma baş verir.
Bəs uşaq sayının azalması ilə bağlı təhsildə yaranacaq problemlərin qarşısını necə almaq olar?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu çox vacib bir məsələdir və haqlı olaraq parlament səviyyəsində qaldırılıb:
“Son 5 ilin statistikasına baxdıqda I siniflərin sayı sürətlə azalmağa doğru gedir. Ölkədə doğulan uşaq sayında problem var. Artıq bu təhsil problemi deyil, milli genefond məsələsidir. Ona görə də bu məsələ ilə bağlı Nazirlər Kabineti, aidiyyəti qurumlar ciddi düşünməlidir.
Burada gənc ailələrə bir motivasiya, güzəştli mənzillər, “uşaqpulu”nun verilməsi kimi amillər rol oynaya bilər. Bizim gördüyümüz mənzərə odur ki, bu problem artıq təhsildə görünməyə başlayıb.
Yəni artıq son 5 ildə I siniflərin sayı kütləvi şəkildə azalmağa başlayıb. Bu artıq bir neçə ildən sonra 50 min nəfərədək müəllimin ixtisarına səbəb olacaq. Ümumilikdə görünən mənzərə odur ki, bu bir siqnaldır. Bu məsələ ilə bağlı kompleks Dövlət Proqramı olmalıdır.
Yalnız təhsili yox, milli genefondu da əhatə edən kompleks proqram olmalıdır. Bu proses artıq ümumtəhsil məktəblərindən başlayırsa, universitetlərə də sirayət edəcək.
Biz bir tərəfdən region ölkələri arasında “ən az ali təhsillilər” kateqoriyasına aid olan ölkəyik, mövcud problem də üzərinə gəldikdə ümumiyyətlə, mənzərə acınacaqlı olacaq”.