Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ və İsraili İrana qarşı hücumlarla bağlı hərbi məqsədlərinə nə vaxt nail olacaqlarını aydınlaşdırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Vadeful bu sözləri Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi (AB) Xarici İşlər Nazirləri Görüşündən əvvəl jurnalistlərə bildirib.
Yaxın Şərq ölkələrinə səfərindən qayıtdığını bildirən Vadeful izah etdi ki, bu ölkələrdəki bütün həmkarları gərginliyin artmasının qarşısını almaq və münaqişənin diplomatik həllinə nail olmaq üçün konkret addımlar atılmasını istəyirlər.
"İlk növbədə, ABŞ və İsrailin (İranda) hərbi məqsədlərinə nə vaxt nail olacaqları ilə bağlı mövqelərini aydınlaşdırmaları vacibdir. Bu barədə daha çox aydınlığa ehtiyacımız var", - deyə alman nazir bildirib və əlavə edib ki, bunu İsrail və ABŞ xarici işlər nazirləri ilə görüşlərində açıq şəkildə ifadə edib.
Vadeful Hörmüz boğazını bağlayanlara qarşı sanksiyaların tətbiq olunmasını təmin etmək üçün çalışacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az