“Xankəndiyə bahar gəlib”



İşıqlı Atalı

Sabir Arazlı Özgünün ötən ilin yayında “Türküstan” qəzetində çap olunmuş “Erməni xislətinin dumanlı kölgələri” adlı (https://www.turkustan.az/news/authors/120139) araşdırma yazısı kitab biçimində işıq üzü görüb (“Xankəndiyə bahar gəlib” (məqalə, şeirlər) Bakı, “İmza” nəşrlər evi, 2026, 64 səh.)

Özgünün araşdırması sözügedən mövzuya özünəməxsus yanaşması ilə diqqəti çəkir. Tarix boyunca insani-ulusal, bəşəri uğuru olmayan, istəyinə çatmaq üçün hər yola əl atan ermənilərin iç üzünü açan araşdırma faktlar əsasında qələmə alınıb.

Araşdırma kitab biçimində bir az da cilalanıb, genişləndirilib.

Müəllif kitabın girişində yazır: “Xankəndi şəhəri!...

Payızın qoxusu gələn, xəfif mehin əsdiyi, zərrin şəfəqlərin əsrarəngiz üfüqləri əlvanlığa qərq elədiyi dan üzünün təmiz, ətirli havasından məst ola-ola xəyala dalmışam. Xankəndi şəhərini ağuşuna alan, Qarabağın silsilə dağlarının atlas sinəsiylə ağ dumanın aramla süründüyünü həmin ala sabahda Xan babamın yurdunu, oylağını seyr eləyə-eləyə ömrü boyu haqqı danıb saxta tarix yazan, ömrü boyu xislətinin fövqündə dayanıb bəd niyyətindən dönməyən, ömür boyu da nəfsinin qurbanı olan haykların nankorluğunu götür-qoy edərək təəssüf hissi ilə ağrılı anlar yaşadım”.

S.A.Özgün Xankəndidə təsadüfdən əldə etdiyi prof. N.N.Molçanovun “Diplomatiya Petra Pervoqo”, “Qermanskiye istoçniki o qenotside armyan”, C.S.Kirokasyanın “Mladoturki pered sudom istorii”, “Polkovodets Andranik” kitablarını özü demişkən, səbirlə, sətirbəsətir oxuyub; araşdırma yazı bu nəşrlərdə gördüyü antibəşəri hallara qarşı yazılıb.

Müəllif sonda yazır: “44 günlük Vətən müharibəsindən sonra yazmışam ki: Bu son olacaqmı?! Yox, olmayacaq. Bu elə yaradır illər keçsə də sağalmayacaq! Ən nəhayət; əminəm ki, gün gələcək, qara buludlar Qarabağın səmasından çəkildiyi kimi, erməni xislətinin pozuq kölgələri də gün işığında belə görünməz olacaq. Necə deyərlər, örkən nə qədər uzun olsa da, yenə gəlib doğanaqdan keçəcək. XX əsrin sonlarından başlayaraq (zaman-zaman olduğu kimi) Azərbaycan xalqının büdrədiyi anlar olsa da, yenə dik durmağı bacardı. Əsil qəhrəmanlıq da elə budur: Vətən büdrəyib silkələnsə də, yıxılmadı. Tarixin daha bir sınağından üzuağ çıxdı”.

Kitabın sonunda S.A.Özgünün incə ruhlu şeirləri sunulur. Müxtəlif mövzulu, həssas ürək yiyəsinin duyğularının ifadəsi olan şeirlərdə Özgünün dərin müşahidəçiliyi var.

Kitabdakı şeirlərin içərisində “Ana” adlı şeir daha diqqətçəkicidir. Analı dünyasını arayan, Anasının xəyalıyla yaşayan Özgünün kövrək ürək çırpıntıları insanın ürəyini sızladır:

Məni qucaqlayıb ağlayan yoxdur,

Yaram sızıldayır, bağlayan yoxdur,

Axan göz yaşımı saxlayan yoxdur,

Yoxdur bu leysanı bir görən, ana!

Əlbəttə, duyğuları ipə-sapa düzmək, dərdi şeirlə demək hər adama qismət olmur. İnam Ata demişkən, “Dərddən yaranıb şeir, dərdsiz ölə bilər”.

S.A.Özgün dərdli olduğu dərəcədə dərdindən güc almağı, ümidlənməyi bacarır.

Yazara yeni yaradıcılıq uğurları diləyirəm. Əminəm ki, hələ bundan sonra uzun illər boyunca eşqlə yazıb-yaradacaq.


MANŞET XƏBƏRLƏRİ