Güney Azərbaycanda yaranmış təhlükəli vəziyyətlə bağlı təcili müraciət


RƏSMİ MÜRACİƏT
No: GAKP/03-2026/01
Tarix: 15 mart 2026

Hörmətli Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen

İranda mövcud olan gərgin durum və xüsusilə Güney Azərbaycanda yaşayan Azərbaycanlı əhalinin üzləşdiyi təhlükələr fonunda Sizə bu müraciəti ünvanlayırıq.

Azərbaycanlılar İran əhalisinin təxminən 40 faizini təşkil edir. Buna baxmayaraq, xalqımız uzun illərdir öz milli, mədəni və dil hüquqlarını əldə edə bilməmişdir. Buna rəğmən biz hər zaman bölgədə yaşayan digər xalqlarla sülh, qarşılıqlı hörmət və qardaşlıq prinsiplərinə sadiq qalmışıq. Tarixin müxtəlif dövrlərində müharibə və zorakılıqdan qaçan yüz minlərlə sığınmacını da bağrımıza basmışıq.

Lakin bu gün xalqımız çox ciddi və təhlükəli bir vəziyyətin astanasındadır. Əldə etdiyimiz məlumatlara əsasən, bir sıra silahlı terror qrupları Güney Azərbaycanın qərb bölgələrinə (Qərbi Azərbaycan vilayəti) yönələrək həmin əraziləri işğal etmək niyyətindədirlər. Bu cür addımlar milyonlarla mülki insanın həyatını təhlükə altına qoya və bölgədə genişmiqyaslı və qanlı daxili qarşıdurmaya səbəb ola bilər.

Sizi və Avropa Komissiyasını bu məsələni ciddi şəkildə izləməyə və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq lazımi addımlar atmağa çağırırıq. Avropa Birliyinin Müqaviləsinin 21-ci maddəsinə əsasən, Avropa İttifaqının xarici fəaliyyəti demokratiya, insan hüquqları, beynəlxalq hüquqa hörmət və təcavüzün qarşısının alınması prinsiplərinə əsaslanmalıdır.

Güney Azərbaycan xalqı öz ana torpaqlarında sülh, təhlükəsizlik və ləyaqət içində yaşamaq istəyir. Bu məsələyə beynəlxalq diqqətin yönəldilməsi milyonlarla mülki insanın həyatını qorumaqda mühüm rol oynaya bilər.

Məsələnin Avropa Komissiyası səviyyəsində müzakirəyə çıxarılmasını və müvafiq addımların atılmasını xahiş edirik.

Dərin hörmətlə
Reza Aghapoor
Güney Azərbaycan Koordinasiya Platformasının sözcüsü
15 mart 2026


MANŞET XƏBƏRLƏRİ