İnsanların əksəriyyəti sığorta müqaviləsinin nəyi əhatə etdiyini, hansı hüquq və öhdəlikləri özündə ehtiva etdiyini dəqiq bilmədən bu sənədə imza çəkir. Halbuki sığorta müqaviləsi riskin paylaşılması və tərəflərin bir-birinə olan güvəninin rəsmi ifadəsidir. İlahə Ümidli ilə bu dəfə sığorta müqaviləsinin mahiyyətinə və onun cəmiyyət üçün əsl funksiyasına aydınlıq gətiririk.
- İlahə xanım, Sığorta müqaviləsi dedikdə nə başa düşülür və bu sənədin hüquqi mahiyyəti nədən ibarətdir?
Sığorta müqaviləsi, sığortaçı ilə sığortalı arasında riskin bölüşdürülməsi və nəticə etibarilə yarana biləcək zərərlərin ödənilməsi ilə bağlı yazılı razılaşmadır.
Bir tədqiqatçı kimi qeyd etməliyəm ki, sığorta müqaviləsi yalnız iqtisadi və hüquqi funksiya deyil, eyni zamanda sosial funksiya da daşıyır. Araşdırmalar göstərir ki, inkişaf etmiş sığorta bazarlarında müqavilələrin hüquqi dəqiqliyi əhalinin sığorta sisteminə inam səviyyəsi ilə sıx bağlıdır.
Müəllim kimi vurğulamaq istərdim ki, bu mövzuda maariflənmə səviyyəsi olduqca zəifdir. Sığorta müqaviləsinin sadəcə “polis” sənədi olaraq görülməsi onun hüquqi mahiyyətinin və sosial məsuliyyət daşımasının cəmiyyət tərəfindən dərk edilmədiyini göstərir. Əslində, bu sənədin hər bəndi tərəflərin hüquq və öhdəliklərini müəyyənləşdirir, anlaşmazlıq yarandıqda isə əsas istinad sənədi rolunu oynayır.
Ekspert baxışı ilə desək, sığorta müqaviləsi sadəcə bir maliyyə aləti deyil, eyni zamanda risklərin idarə edilməsində strateji vasitədir. Bu sənəd vasitəsilə həm şəxs, həm sığorta şirkəti, həm də dövlət iqtisadi riskləri proqnozlaşdırır və qabaqlayıcı tədbirlər görür. Bu mənada, sığorta müqaviləsi cəmiyyətin dayanıqlılığına töhfə verən fundamental mexanizmdir.
Nəticə etibarilə, sığorta müqaviləsini imzalamaq, sadəcə hüquqi öhdəlik deyil, həm məsuliyyətin bölüşdürülməsidir.
- Sığorta müqaviləsində adətən hansı əsas tərəflər və şərtlər əks olunur?
Sığorta müqaviləsi hüquqi baxımdan yalnız riskin ötürülməsini əks etdirən sənəd deyil, eyni zamanda riskin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və tərəflər arasında bölüşdürülməsidir. Tərəflər baxımından müqavilədə iki əsas tərəf müəyyən edilir: Sığortaçı və sığortalı.
Sığortaçı: sığorta təminatını verən və risk reallaşdıqda maliyyə öhdəliyini daşıyan hüquqi şəxsdir.
Sığortalı: riskinin sığortalanması üçün müqavilə bağlayan şəxsdir. Bundan əlavə, bəzi hallarda sığortalı, yəni sığorta etdirən, sığorta olunan və faydalanan şəxslər fərqli də ola bilər.
Əksər sığorta müqavilələrinin strukturunda sabit punktlar var, məsələn:
Sığorta müddəti: müqavilənin qüvvəyə minmə və qüvvədən düşmə vaxtı, yəni başlama və bitmə müddəti qeyd edilən bölmə.
Sığorta predmeti: sığorta müqaviləsinin tərtib edilməsinə əsas olan maddi və ya qeyri-maddi dəyərdir. Bu insan həyatı, ev, avtomobil və ya sahibkarlıq maraqları ola bilər. Yəni, sığorta müqaviləsi hansı "obyekti" qorumağa yönəlibsə, həmin obyekt müqavilənin predmeti olur. Sığorta predmetinin düzgün və aydın müəyyənləşdirilməsi riskin hüquqi cəhətdən tanınmasını təmin edir. Əgər müqavilədə sığorta predmetinə dair qeyri-müəyyənlik varsa, bu, mübahisələrə səbəb ola bilər, həmçinin kompensasiya prosesini çətinləşdirə bilər.
Sığorta təminatı: müqavilə çərçivəsində sığortaçının sığortalıya və ya sığorta olunan şəxsə verdiyi vəddir. Bu bölmə hansı risklərin sığortalandığını əhatə edir. Təminatın həcmi və şərtləri nə qədər şəffaf və aydın olsa, müştəri ilə sığortaçı arasında güvən bir o qədər yüksək olur.
Sığorta dəyəri və sığorta məbləği: sığorta dəyəri sığorta predmetinin həqiqi dəyəridir. Əksər hallarda sığorta dəyəri ilə sığorta məbləği bərabər olur. Qismən sığorta halında isə sığorta dəyəri ilə sığorta məbləği fərqli olur. Bütün hallarda dəyər məbləğdən daha baha olur, çünki heç bir sığorta predmeti həqiqi dəyərindən baha sığortalana bilməz.
Sığorta tarifi: müəyyən bir risk növü üçün hesablanmış sığorta haqqının məbləğini və onun hesablanma prinsiplərini başa düşürük. Yəni, tarif riskin səviyyəsinə, əhatə dairəsinə və digər aktuari göstəricilərə əsaslanaraq müəyyən edilən dərəcədir.
Sığorta haqqı: sığorta müqaviləsinin qüvvəyə minməsi və riskin sığorta şirkəti tərəfindən üzərinə götürülməsi üçün müştərinin ödədiyi vəsaitdir. Bu məbləğ, əslində, sığorta olunan şəxsin gələcəkdə baş verə biləcək maliyyə itkilərindən qorunmaq üçün etdiyi ödənişdir.
Müəllim yanaşması ilə bu mövzuya toxunarkən vurğulamaq lazımdır ki, müqavilənin hər bəndi sadəcə texniki terminlərlə dolu cümlələrdən ibarət deyil. Onlar real həyatda tərəflərin qarşılaşa biləcəyi situasiyaları tənzimləyən, hüquqi nəticə doğuran bəndlərdir. Təəssüf ki, sığortalıların əksəriyyəti bu bəndləri ya oxumadan, ya da anlamadan imzalayır.
Ekspert kimi isə deyə bilərəm ki, müqavilədəki bu baza elementlərin düzgün və şəffaf əks olunması sığorta sisteminin dayanıqlılığını müəyyən edən əsas faktorlardandır. Tərəflər arasında mübahisələrin əksəriyyəti məhz bu şərtlərin qeyri-dəqiq və ya yanlış başa düşülməsi nəticəsində ortaya çıxır.
- Bəs elə hallar varmı ki, sığorta ödənişi verilməsin?
Bəli, bu hallara “təminatdan istisnalar” deyilir.
- “Təminatdan istisnalar” nədir?
Sığorta təminatı hər nə qədər qoruma vədi versə də, bəzi hallara təminat tətbiq edilmir. Təminatdan istisnalar, sığortaçı tərəfindən öhdəlik götürülməyən, yəni sığorta hadisəsi baş verdikdə ödənişin edilmədiyi konkret hadisə və hallardır. Bu istisnalar adətən müqavilədə açıq şəkildə göstərilir və müştərinin əvvəlcədən bunları oxuyub anlaması son dərəcə vacibdir. Məsələn, müharibə, təbii fəlakət, qəsdən törədilən hadisələr, hüquqa zidd davranış və ya əvvəldən məlum olan xəstəliklər kimi hallar tez-tez istisna kateqoriyasına daxil edilir. Bu maddələr sığortaçı ilə sığortalı arasında məsuliyyət bölgüsünü dəqiq göstərən hüquqi çərçivədir və hər bir müştərinin diqqətlə nəzərdən keçirməli olduğu hissələrdəndir.
- Müqavilə bağlanmazdan əvvəl nələrə diqqət yetirilməlidir?
Sığorta müqaviləsi bağlanmazdan əvvəl müştərinin əsas vəzifəsi təklif olunan şərtləri diqqətlə oxumaq və onları tam başa düşməkdir. Müştərinin hüququdur ki, ona təqdim olunan şərtlər tam şəffaf şəkildə izah edilsin, istənilən sualına aydın cavab verilsin. Bu mərhələdə “oxumadan imzalamaq” yanaşması gələcəkdə haqlı tələblərin belə təmin olunmamasına səbəb ola bilər.
Eyni zamanda, müştəri öz vəziyyəti və riskləri barədə sığorta şirkətinə dürüst məlumat verməlidir. Bu, həm hüquqi, həm də etik baxımdan vacibdir, çünki düzgün olmayan məlumat əsasında bağlanmış müqavilə gələcəkdə sığorta ödənişindən imtinaya səbəb ola bilər.
Qısası, sığorta müqaviləsi qarşılıqlı etimada əsaslanan bir sənəddir, müştəri öz risklərini düzgün ifadə etməli, sığorta şirkəti isə həmin riskləri necə təmin etdiyini açıq şəkildə göstərməlidir.