Nizami Məmmədov Tağısoy
professor
XX əsrin 60-cı illərindən başlayaraq qazax ədəbiyyatının böyük uğurlar qazanmasında iki sənətkarın adı daim ön planda çəkilmişdir. Maraqlıdır ki, onların hər ikisi təpədən dırnağa qədər qazax türkü olub, əsərlərini rus dilində qələmə alan Anuar Əlimcanov və Oljas Süleymenovdur. XX əsrin 60-cı illərinin əvvəllərindən Anuar Əlimcanov ədəbiyyata nasir və publisist kimi qədəm qoymuşdursa, Oljas Süleymenov şair, tədqiqatçı və publisist kimi şöhrət tapmışdır. Onlardan hər birinin yaradıcılığı haqqında qalaq-qalaq kitablar, tədqiqat işləri yazılmışdır. Əgər Oljas Süleymenov Yuri Qaqarinin kosmosa uçuşu ilə əlaqədar informasiyanı bütün dünyaya car çəkib Azərbaycanda da geniş tanınmışdırsa, Anuar Əlimcanov nəinki Qazaxıstan, Orta Asiya, Asiya və Afrika qitələrində, Amerikada yaxşı məlum olsa da, A.Əlimcanovun nə adı, nə də yaradıcılığı ilə bağlı Azərbaycan oxucusuna və ədəbi ictimaiyyətə heç nə məlum olmamışdır. Bununla belə, Anuar Əlimcanovun həyatı, publisistikası, jurnalistlik fəaliyyəti ilə mahiyyəti üzrə tanış olduqda görürük ki, bəlkə də dünyanın elə bir ölkəsi olmamışdır ki, Anuarın o yerlərə ayaqları dəyməsin.
Anuar Əlimcanov elə bir yazıçı idi ki, onun yol qeydlərində, bloknotunda və fotoalbomunda dərin və maraqlı fikirlərini, rəngarəng müşahidə materiallarını əks etdirən çoxsaylı nümunələr yer almışdır. Elə buradaca qeyd edək ki, onun belə çeşidli, mürəkkəb tipli operativ material və faktlar toplayıb bir yazıçı və oçerkçi kimi dəyərli nümunələri seçib, müqayisəyə cəlb edib, sintezetmə sənətinə yiyələnməsində V.V.Mayakovskinin “Mənim Amerikanı kəşfim” oçerklər kitabının, ustad oçerkçi Mixail Koltsovun, İlya Erenburq və Yuxan Smuulun.., A.S.Puşkinin “Ərzuruma səyahət” və M.Qorkinin “Sovet İttifaqına səyahət” kimi əsərlərin təsiri qeyd edilməlidir.
A.Əlimcanovun əsərlərinin məzmununa nəzər saldıqda aydın görmək olur ki, ö, özündən əvvəlki sənətkarlardan öyrəndikcə yalnız şəyird kimi qalmamış, ustadlarına müraciət edib, öz yaradıcılıq yolu ilə getməyə üstünlük vermişdir. Anuar Əlimcanovun bir yazıçı-oçerkçi kimi istedadından bəhs edərkən məşhur qazax ədəbiyyatşünası Mühəmmədcan Karatayev onun ürəyinin dərinliyindən, hadisə və proseslərdə başlıca məqamı görmə bacarığından, ikinci dərəcəliləri kənara qoyub, təsadüflərdən yaxa qurtarıb, mühümləri diqqət mərkəzinə çəkməyi zəruri hesab etdiyindən bəhs etmişdir. Başqa bir yandan Anuarın ən mühüm cəhəti dünyanı qazax kimi qəbul edib, qazax kimi düşünüb, daim dinamikada olmaqla, eksperimentlər aparıb, rus dilində yazmağa üstünlük verməsi ilə bağlı idi.
Anuar Əlimcanovun canlı və diqqəti özünə cəlb edən əsərləri, oçerkləri hər hansı adi bir mətn nüsxəsi, boz siyahı, zəif ifadəli söz nüsxəsi yox, həm də həmin əsərlərin müasiri olan müəllifin ürəyinin, qəlbinin döyüntüsüdür. Onun fikir və duyğuları, onun həyat fəlsəfəsi, həyatın çeşidli sahələrində iştirakı, planetdə gedən proseslərə öz rakursundan baxmasını və s. nümayiş etdirməsidir.
A.Əlimcanovun əsərləri digər danılmaz keyfiyyətləri ilə yanaşı, iri həcmli materialları özündə lakonik əks etdirən nümunələr olmaqla, idraki, tərbiyəvi və eyni zamanda bədii əhəmiyyətə malikdir. Oçerklərinin bazasında ortaya çıxıb, onların davamı kimi yaranan povestləri idrakiliyi və tərbiyəviliyi ilə yanaşı, həm də digər mühüm xassələrə malik olub, problematikliyi ilə, diskussiya və mübahisələrə yol açması ilə fərqlənir.
Məsələn, “Karvan günəş səmtə gedir” povestinin özü oçerklərdən yaranmış mükəmməl bədii nümunədir. Bu povestdə qəhrəmanların taleyinin təsviri, onların fikir, duyğu, emosiya, qarşılıqlı münasibətləri, həyatdakı əmək mənzərələri, çoban məişəti şəraitində mənəvi inkişafın orqanik panoram yaratma bacarığını ortaya qoyma imkanıdır. Povestin baş qəhrəmanı Əskərin həyatı son dərəcə ağır və dözülməz olmuşdur. Kolxozun hesabdarı Əmirbəy 30-cu illərdə Əskərin atasına böhtan atdığından onu, sürgünə göndərmişlər. Böyük bəlalara düçar olmuş bu insan oradan geri kor olub qayıdır və az keçmirki ölür. Əmirbəy bundan sonra da ondan əl çəkmir, Əskəri və hətta bu yetimə ikinci atalıq edən Səfər ağanı da o, qarabaqara izləyir. Lakin bütün kolxoz əhlinin birgə səyi nəticəsində Əskər böyüyür, universitet təhsili alıb, doğma aulda məktəb direktoru kimi işləməyə başlayır. “Oçerk məktəbi” keçmiş Əlimcanovun povest yaradıcılığına onun son dərəcə müsbət təsir göstərdiyini biz əsərin kompakt, sözçülükdən uzaq, ciddi süjet xəttinə malik olub özündə müasirliyi əks etdirdiyində görə bilirik. Elə buna görə də əsər bir nəfəsə oxunur.
Ali təhsil görmüş Əskər çoban həyatına dərindən nüfuz etdikdə orada gedən dəyişiklikləri müəyyənləşdirir.
Eyni zamanda Nurkən adlı çobanın faciəvi ölümü də povestdə çobanların məişət həyatının dəyişilməsi ilə bağlı Əskərin haqlı olduğunu sübut edir.
Təsadüfi deyildir ki, povestin müqəddiməsinə görkəmli qazax yazıçısı Muxtar Auezovun fikirlərində oxuyuruq: “Oxucunu povestdə yer almış ciddi problematika xüsusi olaraq cəlb edir. Müəllif bu povesti ilə sözün əsil mənasında həyatın lap içinə nüfuz edir və dövlət əhəmiyyətli dərin, vacib və zəruri problemləri qaldırmaqla, həyatın mühüm müsbət məsələlərini təsvir edir, on minlərcə çoban ailələrinin, yaxud az əhalisi olan aulların sovet quruluşu şəraitində heyvandarlıq rayonlarının nəinki Qazaxıstanda, həm Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda, eyni zamanda Qafqazın və Sibirin ayrı-ayrı vilayətlərində vəziyyətin gərgin olmasını diqqət mərkəzinə çəkir”.
Anuar Əlimcanov povestboyu qazax aulundakı insanlar arasındakı qarşılıqlı münasibətləri təsvir etməklə kolxoz sədri müdrik Səfər ağanın, Dameş xalanın, Əskərin, Comərdin, Zaureşin timsalında yaddaqalan obrazlar yaratmağa müvəffəq olur. Əsərlə tanış olduqda görmək olur ki, A.Əlimcanov aul məişətini və həyatını dərindən bilir və onu bütün təfsilatları ilə povestdə oxucuya çatdırmağa müvəffəq olur. Əsərin xeyli hissələrində nəzər saldıqda onu orijinal Azərbaycan nasiri Sabir Əhmədlinin “Toğana” roman ilə müqayisə etmək olar.
Anuar Əlimcanovun “Mavi dağlar” əsəri də oçerk, novella və povestlərdən ibarətdir. İlk baxışda oxucuya elə gələ bilər ki, kitabda janr və mövzu palitrası yoxdur. Belə ki, burada söhbət müxtəlif məsələlərin müəllif şərhi ilə bağlıdır: məsələn, müstəmləkəçilik basqısı altında olan azad Afrika həyatı, Qərbdə burjua cəmiyyətlərində, sosialist ölkələrindəki vəziyyət və s. kimi məsələlərin işıqlandırılmasına müəllif öz mövqeyindən yanaşır. Doğrudan da nəzər yetirdikdə ilk baxışda burada süjet və üslub vahidliyinin olmadığı ortadadır. Eyni zamanda povestdə bədii xülyadan gələn qəhrəmanlar oçerkdə bir-birinin içində elə yerləşdirilir ki, orada tarixi və coğrafi koordinatlar da dəqiqliyi ilə verilir. Qəhrəmanlar isə tarixi olmaqla, həm də müəllifin müasirləridir. Məhz buna görə də burada üslubi vahidlik axtarmaq da əbəsdir. Çünki kitabda dürüst zarisovkalar publisistik düşüncələrlə – xeyli digər hallar və məqamlarla üzvü surətdə çulğaşmaqdadır.
Dərindən nəzər saldıqda isə görürük ki, burada janr, mövzu və üslub elementlərinin vahidliyi özünü əks etdirir. Belə bütövlüyün əsasını müəllifin fərdi inellektual səviyyəsi, onun fəal müəllif “mən”i, onun oçerkçi kimi duyğuları, təfəkkür tərzi, əsil sənətkarlığı ilə ortaya gəlir. Nəticədə bu oçerklər povest səviyyəsinə gəlib çatır. Maraqlısı həm də odur ki, müəllif povestini konkret və təkzibolunmaz faktlar üzərində qurur.
Anuar Əlimcanovun oçerkləri həqiqi, gerçək faktlar, hadisələr və simalardan danışır. Onlardan hər biri son dərəcə cəlbedici olmaqla çoxsaylı ölkələri, təbiət mənzərələri, xalqların həyat və məişətini, tarixi və müasir hadisələri çevrələyib, insan xarakterləri yaratmaqla, həm də dərin sətiraltı izahlarla təchiz olunmuşdur.
Məsələn, “Alov saçan nizə” oçerk-povestində müəllif Afrikanın əsrarəngiz təbiətini mahiyyəti üzrə təqdim etməklə, həm də onun çaylarını və göllərini, meşələrini və sahillərini təsvir edir. Eyni zamanda müəllif böyük ustalıqla Çovğunun alleqorik obrazında Afrika xalqlarının azadlıq mübarizəsini, şahın obrazında isə Keniyadan olan xeyirxah və müdrik başçı Ağ yayla qəbiləsindən olan Comonun yaddaqalan obrazını yaradır. Burada Como ilə bağlı novella, onun portreti, onun qəhrəmanlıq bioqrafiyasının bir parçası maraqlı ştrixlərlə oxuculara təqdim olunur. Əsərdə Como ilə yanaşı, Dinqonun, köhnə ovçu Cimininsə digərlərinin diqqətçəkən obrazları təsvir edilir. Bir əlinə güllə dəymiş Qiçuru Mboyanın – Qara kontinentin azadlığı uğrunda döyüşən cəngavərin – sadə obrazı, digər oçerklərində rastlaşdığımız Afrika ölkələrindən olan Cəsur əl-Kərim və Müdrik Mühəmməd, Mərakeş, Seneqal, Qvineya, Fil Dişi sahilləri, Əlcəzair, Konqo, Mali və digər ölkə və regionlarda insanlığın düşməni kimi ifşası, ingilis, fransız, belçikalı və portuqaliyalı imperialistlərin antibəşəri simaları ifşa edilir.
Müəllifin bu povestlərdə ən başlıca ideyası insanlar, xalqlar, ölkələr arasında azadlığın və bərabərliyin, qardaşlığın və azadlığın alternativinin olmadığı ideyası ön plana çıxarılır. Yəqin Anuar Əlimcanov bu gün həyatda olsaydı imperialist düşüncəsi dovdunda olan Rusiya faşizminin obrazını da oxuculara daha relyefli təqdim edərdi.
“Mavi dağlar” kitabının başqa bir yerində Əlimcanov müəllimlə arxeoloq arasında gedən mübahisəni davam etdirir və povest aşağıdakı fikirlərlə yekunlaşdırılır. Xalq arasında deyim var: “Bir dəvə karvan deyil”, lakin bir axsaq dəvə bütün karvanın hərəkətini ləngidə bilər. Karvan isə yalnız günəş səmtə getməlidir”.
O.M.Skibina adlı bir rus müəllifi “XIX əsrin sonunda yazıb-yaratmış belletristlərin yaradıcılığında yol oçerklərinin tipologiyası və poetikası” adlı məqaləsində doğru olaraq qeyd edir ki, yol oçerki, hər şeydən əvvəl, ədəbi əsər olduğundan onunla bağlı bədii mətn qanunlarına uyğun kimi bəhs etməliyik. Eyni zamanda onun müxtəlif janr birləşmələrinin elementlərini özündə əks etdirən birləşmiş ədəbi forma olduğunu qəbul edib, onun elmiliyi və bədiiliyi arasında sərhədlər qoyulmadığını da bilməliyik. Belə olduqda müəyyən metodoloji ustanovkalardan istifadə etməklə konkret mətnlərin təhlilini aparıb, onun janr sərbəstliyini dəqiqləşdirmək vacibdir.
Eyni zamanda bunu da bilirik ki, oçerk epik növün ən kiçik formalarının bir növü olaraq novelladan fərqlənməklə vahid, ciddi və böyük sürətlə həll edilən konfliktin yoxluğu və təsvirin zəif inkişafı ilə fərqlənsə də, Anuar Əlimcanovun qələmində o tamamilə fərqli təsvirlərlə ortaya qoyulur. Bəzən oçerki yarıbədii və yarısənədli kimi nəzərdən keçirib, onda real tarixi hadisələrin və insanların, yaxud obraz-tipinin yer aldığını göstərib, daha aktual publisistik mövzuya həsr olunduğunu söyləyənlər də az deyil. Qeyd etdiyimiz forma fərqləri A.Əlimcanovun yaradıcılığında o qədər də özünü parlaq əks etdirmir. Bununla belə, müəllifin bu janrda qələmə aldığı nümunələr sosial-ictimai, tarixi-mədəni, lirik-fəlsəfi, milli-mənəvi, memuar-etnoqrafik və s. tiplidir. Belə yanaşma adını çəkdiyimiz qazax yazıçısının əsərlərini vahid tematik silsilə altında birləşdirib, vahid süjet və problem ümumiliyi və təhkiyə ilə bütövləşdirir.
Bu da məlumdur ki, povest öz həcmi etibarı ilə özüylə roman arasında yer alıb, həyatın bədii axarını əks etdirməklə xronikal süjetə daha çox meyillidir. Povest janrının inkişafı, heç şübhəsiz ki, yazıçıların adi həqiqətləri təsvir etməsi ilə bağlıdır. Burada böyük rus tənqidçisi V.Q.Belinskinin povest və romanı “qəhrəmanlıq poeması” və klassizim dövründəki odalara (mədhiyyələrə) qarşı qoyduğunu dilə gətirmək yerinə düşür. Qeyd etdiklərimizə onu da əlavə etmək olar ki, povesti romandan bir janr kimi fərqləndirməyə imkan verən ən mühüm göstərici odur ki, burada müəllif mövqeyi ortaya çıxır. Adətən povest ədəbi prosesdə o zaman aparıcı yerə malik olub, ön plana çıxır ki, bu zaman cəmiyyətdə inkişaf dövrü baş verir və eyni zamanda müəllif mövqeyinin aydınlığı və bütövlüyü özünü daha görümlü nümayiş etdirir. Dahi rus ədəbiyyatşünası və esteti M.Baxtin povestlə bağlı aşağıdakıları yazırdı ki, “Povestin romanla müqayisədə geniş epikliyi təhkiyəçi ilə müəllifin təsvir edilən müəyyən distansiyada olmaqla kontakt zona ilə indiki zaman arasındakı müəyyən distansiyada ortada dayanır”.
Eyni zamanda problemə baxışda ədəbiyyatşünas İ.A.Yurtayevanın münasibəti də, fikrimizcə, maraq doğurur. O, povestin ənənəvi janr strukturunun transformasiyasına həsr etdiyi tutarlı bir məqaləsindəhaqlı olaraq qeyd edir ki, janrın transformasiyası bədii bütövün bütün səviyyəsində özünü göstərən çoxölçülü hadisədir. Tarixi-ədəbi prosesdə povestin janr strukturunun dəyişməsinə təsir göstərən başlıca amil romanın təsiridir. Eyni zamanda sənətdə yeni formaların təşəkkülü prosesi köhnə, kanonik janr strukturlarının görkəminin dəyişilməsi ilə baş verir ki, bu da öz növbəsində yeni janr xüsusiyyətlərinin yaranmasına səbəb olur. Ənənəvi janr strukturlarının dəyişilməsi digər janrların təsiri altında canlı ədəbi praktikada baş verir.
“Mavi dağlar” kitabının ikinci bölməsində A.Əlimcanovun Türkiyə, Yunanıstan, İtaliya, Avstriya və digər ölkələrin şəhərlərinə səyahətdən ortaya çıxan təəssüratlar yer alır. Əsər lirik nəsr təsiri bağışlamaqla, həm də yazıçının tarixdə və onun öz dövründə mövcud olan hər bir ölkənin həyatını təsvir edən müəllifin öz münasibətini ürəkdən əks etdirmək istəyi ön planda dayanmışdır.
Bununla belə, “Mavi dağlar” müəllifinin novella, oçerk və povestinin ən maraqlı hissəsi doğma Qazaxıstanın həyatından ortaya qoyduğu nümunələrə həsr olunmuşdur. O vaxtlar gənc yazıçı Anuar Əlimcanov sözün həqiqi mənasında öz torpağı ilə qürur duyduğunu gizlətmirdi. Çünki məhz kosmosa istiqamətlənən və dünyaya səs salan “Vostok” gəmisi məhz onun ana vətənindən səmanın ənginliklərinə qazax torpağından start götürmüşdü. Qazax səhralarının rəngi sanki onun əmdiyi ana südü özünün ilə mahiyyətinə hopmuşdu. Elə buradaca “Vostok” gəmisinin start götürdüyü Baykonuru o, əcdadlarının torpağı olaraq dəyərləndirirdi. Burada diqqət çəkən bir neçə “Nənə bağı”, “Sonuncu madamar”, “Okeana yol” kimi novellalarda xalq xarakterinin, xalq maraqları təəssübkeşlərinin obrazları uğurlu sənətkar qələmi ilə diqqət mərkəzinə çəkilir. “Səmada səhradakı kimi kosmosda yerdəki kimi, insan zaman, özü haqqında keçmiş və gələcək haqqında eyni şəkildə düşünə bilməz” kimi A.Əlimcanovun işlətdiyi fikirləri povestin epiqrafı kimi də götürülə bilərdi.
Povest müəllifin vaqon kupesinin pəncərəsindən uzaq mavi dağların ənginliklərinə tamaşa etməsi ilə başlayır. Dağlar sanki onu özünə xüsusilə cəlb edir. Əlimcanov köçəri qazaxların həyatına nəzər saldıqca, həm də onların Otrar və Faraba kimi şəhərlər və dövlətlər qurmasından bəhs edir. Oradakı çoxsaylı saraylar və kitabxanalar mövcud olduğundan onların öz əzəmətinə görə heç də Babil sarayları və oradakı kitab saxlanclarından geri qalmadıqlarını dilə gətirir.
Adını çəkdiyimiz povestdəki Anaş, Əskər, Comərd, Kuzençik, Sergey, Gülsara və başqa bu kimi gənclər Anuar Əlimcanovun həmyaşıdları, həm də onlarla müəllifin fərdi taleyi arasında oxşarlıqlar göz önünə gəlməkdədir. Əlimcanov öz dövrünün insanlarının obrazlarını yaratmaqla, həm də onların xarakterlərində olan fərqli tərəfləri göstərmiş, onlarda inellektuallığı, düşüncələrə dalmanı, hadisələr və faktlar üzərində fəlsəfi ümumiləşdirmələrə canatmanı, dövrün səciyyəvi tərəflərini qabartmağı qarşıya məqsəd kimi qoymuşdu.
Anuar Əlimcanov elə qazax nasirlərindən olmuşdur ki, onun əsərlərində müəllif mövqeyinin aydınlığı, iki dünyanın ayrı-ayrı idealları daha aydın nəzərə çarpmaqdadır. Müəllifin “Mavi dağlar” və “Otrardan hədiyyə” kitabları bir daha təsdiqləyir ki, yalnız öz xalqını gərəyincə sevib digər xalqlara, onların mədəniyyətinə, mənəviyyatına, həyatına dəyər verdiyin halda sən bəşəriyyətə olan böyük sevginlə elə onun bir hissəsinə çevrilə bilərsən.
Beləliklə, istedadlı qazax yazıçısı Anuar Əlimcanovun yaradıcılığı üçün səciyyəvi olan nəsr nümunələri təhlil edərkən görmək olur ki, müəllif buradakı insanları, hadisələri, hətta təbiət mənzərələrini və peyzajın çeşidli hərarət və ziyaya boyamışdır. Eyni zamanda Əlimcanov nəsrinin ən mühüm keyfiyyəti milli insanın problemlərinə dərindən zond salma bacarığını nümayiş etdirməkdədir.